Nyu-Yorkda qəhvə qiymətləri 1997-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, istehsalçıların gəlirini, istehlakçıların xərcini artıracaq bu prosesin səbəbi əsas istehsalçı ölkələrdə iqlim şərtlərinə görə məhsul yığımının azalmasıdır.
Kofe hazırlamaq üçün istifadə edilən elit çeşid olan Arabica noyabrın 25-də 3 faiz bahalaşıb. Qəhvə qiymətləri bu il yüksəkdir, Braziliyadan Vyetnama qədər əsas istehsalçılar tədarükdə böyük fasilələrlə üzləşirlər. Nəşr qeyd edib ki, hazır içkilərdə istifadə edilən büdcəli Robusta çeşidinin qiymətləri də 1970-ci illərdən bəri ən yüksək həddə çatıb: "Qəhvə ağaclarına zərər vuran uzun quraqlıqdan sonra Braziliyadan tədarükün yavaşlayacağına dair artan narahatlıq var ki, bu da gələn mövsüm istehsalın azalmasına səbəb ola bilər".
Analitiklərin fikrincə, qəhvə qiymətlərindəki artım topdansatış ərzaq qiymətlərinin 2022-ci ilin əvvəlində müşahidə olunan rekord həddən aşağı düşməsinə baxmayaraq, bəzi kənd təsərrüfatı mallarının hələ də istehlak büdcəsini sıxışdırdığını göstərir.
Bloomberg qeyd edir ki, Arabika fyuçersləri bu gün Nyu-Yorkda bir funt(təxminən 500 qrama yaxın) üçün 3,0935 dollara çatıb.
Musavat.com