Ədalət Verdiyev sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini videoya çəkib yaymaqda ittiham olunur
Səhiyyə Nazirliyinin tabeliyindəki İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mülki müdafiə qərargahının rəisi Ədalət Verdiyev həbs edilib. Həm də ehtiyatda olan zabit olaraq, hərbi ekspert kimi fəaliyyət göstərən Ədalət Verdiyev dövlət sirri hesab edilən hərbi məlumatları yaymaqda ittiham olunur.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, noyabrın 22-də işğaldan azad olunmuş ərazilərə media nümayəndələrinin səfəri təşkil edilib və orada hərbi-ekspert qismində Ədalət Verdiyev də iştirak edib.
Onun həmin səfər zamanı Silahlı Qüvvələrin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini videoya çəkib, sonra həmin kadrları özünün sosial şəbəkə hesabında yaydığı iddia edilir: "Ədalət Verdiyevin qulluq səlahiyyətlərindən istifadə etməklə, Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib”.
Hərbi ekspertə qarşı Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə istintaq dövrü üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.
Ədalət Verdiyevin işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 284.1 və 308.2 maddələrinin sanksiyasında 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.
Hərbi ekspertin ona qarşı ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.