AZ

Sazlı, sözlü kəlağayı günləri

Məlum olduğu kimi, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu gün həmin tarixi hadisənin 10 illik yubileyidir. İl ərzində “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində festivallar, konsertlər, sərgilər təşkil olunub.

Kəlağayı gözəllik, ismət, həya simvolu sayılan qadın baş örtüyüdür. Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllının qədim Basqal kəndində yüz illərdən üzübəri bu tip gözəl ipək örpəklər hazırlanıb. 10 il əvvəl isə Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan kəlağayısı UNESCO-da lazımi dəyərini alıb. Beləliklə, göz-könül oxşayan bu baş örtüyü xalqımıza məxsus milli-mənəvi irs nümunəsi kimi beynəlxalq səviyyədə təsdiqlənib.

“Kəlağayı muzeyi”nin sahibi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyin sədri, şair-publisist Güllü Eldar Tomarlı Ərzincan səfərində, Uluslararası Türk Dünyası Simpoziumunda 40-dan çox Türk dövlətinin nümayəndələrinə Azərbaycan xalqının qədim baş örtüyü, onun istifadə qaydası, sosial məzmunu haqqında informasiya verib və onlar da xalqımızın dünyagörüşünə, mənəvi dəyərlərinin dərinliyinə, kəlağayının hikmətinə heyran qalıblar. Güllü xanım “XQ”-yə müsahibəsində bildirib ki, yubiley münasibətilə ilin əvvəlindən paytaxtın elm və təhsil ocaqlarında, Naxçıvanda, bölgələrdə, o cümlədən mədəniyyət beşiyi Şuşada, hətta qonşu Gürcüstanda – Tbilisi, Rustavi və Marneulidə yaddaqalan mərasimlər keçirilib.

Qədim İpək yolu ab-havası ilə nəfəs alan, kəlağayı məskəni olan Basqalda hər evdə bu sənətlə məşğul olunub. Əsrimizin əvvəllərində burada ayrıca fabrik də işə salınıb və yeni nəsil dizaynerlərin sayəsində qədim baş örtüyü sanki 2-ci həyatını yaşamağa başlayıb. Ünlü modelyer Fəxriyyə Xələfova dəfələrlə öz geyim kolleksiyasında kəlağayıdan istifadə edib. Bir neçə il əvvəl Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Parisdə azərbaycanlı dizayner Mənzər Hacıyevanın “Kəlağayı” butiki təşkil olunub.

Azərbaycan ipəkçiliyinin kələğayı istehsalı ilə birbaşa bağlı olduğunu söyləyən psixoloq Rəna İbrahimbəyova çıxışlarında, kələğayının insan həyatını təsvir etdiyini vurğulayıb: “Kələğayının üzərindəki naxışlar kainatın və dünyanın quruluşunu təsvir edir. Örpəyin kənarındakı haşiyə dağ anlamındadır, bu, insanları qoruyur. Ortadakı haşiyə isə o biri dünyanı təsvir edir və naxışlardan göründüyü kimi, o dünya indikindən daha rəngli və mürəkkəbdir”.

Bakıda, Güllü xanımın ev şəraitində yaratdığı “Kəlağayı muzeyi”nə gələnlərin sayı da bu il artıb. Burada Şərq motivləri əsasında basma üsulu ilə bəzənib haşiyələnən, naxışları – baxışları adamı sehirləyən ipək kəlağayılardan göz çəkmək olmur. Bu gün “sehirli” baş örtüyünün dünyaca şöhrət qazanması fərəh doğurur. “Günəş”, “Səmayi-şəms”, ”Haşiyə”, “Şax”, “Buta”, “Mədahil”, “Xarıbülbül”, “Heyratı”, “Xətayi”, “Kəpənək”, “Çobanyastığı”, “Çiyələk” və “Aypara” naxışlar daha məşhurdur. “Şah buta”, “Saya buta”, “Xırda buta” çeşnili, “Heyratı”, “Soğanı”, ”İstiotu “, “Albuxarı”, “Abi”, “Yeləni” adlı örtüklər sənət nümunələri kimi sərgilərdə, yarmarkalarda həmişə göz oxşayıb. Azərbaycana qonaq gələn əcnəbiləri “Bəstə-nigar”, “Gəlinlik”, “Qızılı”, “Mixəyi”, “Noxudu”, “Yaşıl-qara”, “Zeytun”, “Bənövşəyi”, “Ağzəmin-zanbağı”, “Ağzəmin-qızılı” kəlağayılar daha çox cəlb edir.

Onu da deyək ki, ayrı-ayrı soydaşlarımız muzeyə nənələrinin yadigarı olan kəlağayıları həvəslə, təmənnasız olaraq bağışlayırlar. Nəsillikcə kəlağayı sənətinə könül verən Mürşüd Talıbovun əl işləri də maraq doğurur. Bunlar klassiklərimizin portretləri ilə bəzədilmiş kəlağayı nümunələridir. Kəlağayıya həsr olunan rəsmlərdən Səttar Bəhlulzadənin 1973-cü ildə çəkdiyi “Kəlağayı ilə natürmort”u qeyd etmək olar. Rəssamlar Gülnarə Məmmədova, Natiq Nəcəfzadə, Sehran Allahverdi də kəlağayı mövzusunda gözəl əsərlər yaradıblar.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi “Azərbaycan kəlağayısı – min illərin yadigarı” adlı kitab da çap etdirib. Topluda Aşıq Ələsgərdən üzübəri bu misilsiz baş örtüyünü şairlərin sevə-sevə vəsf etdiyi şeirlər verilib:

Gözəl, sənin nə vədəndi,
Kəsilib qısa tellərin?
Kəlağayı əlvan, qıyqacı
Üstündən basa tellərin...

Bu gün Kəlağayı Günü ilə əlaqədar olaraq Bakının Suraxanı rayonunda, Qurban Abbasov adına Mədəniyyət Sarayında “Sazlı-sözlü kəlağayı” bayramı keçiriləcək. İçərişəhərdə – Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində isə “Kəlağayı” Basqal İpək Mərkəzi ilə birgə yubileyə həsr olunan gecə təşkil olunacaq.

Ə.DOSTƏLİ
XQ

Seçilən
13
xalqqazeti.az

1Mənbələr