Birləşmiş Ərəb Əmirliklərində israilli ravvin Zvi Koqanın qətlində şübhəli bilinən şəxslər saxlanılıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə noyabrın 25-də BƏƏ-nin Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilir ki, söhbət yaşı 28-33 arasında olan üç Özbəkistan vətəndaşından gedir.
Açıqlamada deyilir ki, onlar rekord müddətdə saxlanılıblar. Qətlin baş vermə şəraiti və motivlərinin araşdırılması davam etdirilir. Digər təfərrüatlar açıqlanmır.
AFP yazır ki, ABŞ administrasiyası bu “dəhşətli cinayəti” törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Bir gün əvvəl məlum olub ki, BƏƏ-də yaşayan və bir neçə gün əvvəl yoxa çıxan 28 yaşlı ravvin Zvi Koqanın meyidi Əbu-Dabidən 150 kilometr aralıda, maşınında tapılıb.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi onun öldürülməsini “vəhşi antisemit terror hadisəsi” adlandırıb.
Sənəddə vurğulanırdı ki, İsrail dövləti onun ölümünə səbəb olan cinayətkarları məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edəcək.
İsrail və Moldova vətəndaşı olan ravvinin yoxa çıxması noyabrın 21-də İranın iki ölkə arasında oktyabrda atışmalardan sonra İsraildən qisas almaq təhdidləri fonunda baş verib.
Zvi Koqan Əbu-Dabidəki ultra-pravoslav Hasidik hərəkatının nümayəndəsi idi. Ynet-in məlumatına görə, o, 2021-ci ildə Körfəz ölkəsində keçirilən ilk Holokost anım mərasimində iştirak edib.
2020-ci ildə BƏƏ və bir sıra digər ərəb dövlətləri İsraili diplomatik səviyyədə tanıyaraq onunla münasibətləri normallaşdırandan bəri israillilər iş və istirahət üçün BƏƏ-yə gəlirlər.
Qeyd olunur ki, BƏƏ-də yəhudi icması böyüyür, bu ölkədə halal ərzaq məhsullarına yönəlmiş müştərilər üçün sinaqoqlar və müəssisələr var. İsrailin məlumatına görə, BƏƏ-də iki minə yaxın israilli yaşayır.
İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatları əmirliklərdə yaşayan digər müsəlman ölkələrin vətəndaşları arasında dərin narazılıq yaradıb.
Daha əvvəl ravvinin qətlində şübhəli olan Özbəkistan vətəndaşlarının Türkiyəyə qaçdığı iddia olunurdu.
Musavat.com