Bu gün Qətərin paytaxtı Dohada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin yüksək səviyyəli görüşü işinə başlayır. Tədbirin təşkilatçısı Qətərin İdarəetmə və Şəffaflıq üzrə Nəzarət Təşkilatıdır. SİA Qətərin rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, iki gün davam edəcək iclasda İƏT-ə üzv olan 56 ölkənin korrupsiya ilə mübarizə aparan hüquq mühafizə orqanlarının rəhbərləri, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, eləcə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisi və İnterpol kimi beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək.Təşkilat komitəsinin rəsmi nümayəndəsi Əbdülvəhhab Saleh əl-Kuvari mətbuat konfransında bildirib ki, “korrupsiyaya qarşı mübarizə artıq texniki vəzifə deyil, həm də hökumət rəsmilərinin, media nümayəndələrinin və vətəndaş cəmiyyəti üzvlərinin əməkdaşlığını tələb edən bir məsuliyyətdir. Sizin burada olmanız korrupsiyaya qarşı mübarizənin və şəffaflığın möhkəmləndirilməsinə verdiyiniz əhəmiyyətin göstəricisidir.”Əl-Kuvari görüşün korrupsiya ilə mübarizə səylərini inkişaf etdirmək üçün birgə təcrübə mübadiləsi və fəaliyyətlərin əlaqələndirilməsi baxımından əhəmiyyətli addım olacağına ümid etdiyini vurğulayıb. O qeyd edib ki, iclasda İslam Əməkdaşlıq Təşkilatı, Eqmont qrupu, Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyası, Dünya Bankı, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası və digər regional və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər.Tədbir zamanı Qətər ilə Səudiyyə Ərəbistanı və İordaniya arasında korrupsiyaya qarşı mübarizə və şəffaflığın təşviqinə dair memorandumların imzalanması, eləcə də müxtəlif işçi sessiyalar və korrupsiyanın transsərhəd məsələlərini əhatə edən mövzularda müzakirələrin keçirilməsi planlaşdırılır.Mətbuat konfransında, həmçinin bildirilib ki, iclasda “Məkkə Konvensiyası”nın təsdiqlənməsi və onun icra mexanizmlərinin inkişaf etdirilməsi ilə bağlı qərarlar qəbul ediləcək. Bu sənəd korrupsiya cinayətlərinin qarşısının alınması, aşkarlanması və təhqiqatı, cinayətkarların təqibini asanlaşdırmaq məqsədi ilə hüquq-mühafizə orqanları arasında səmərəli və operativ əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.Qeyd edək ki, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin birinci toplantısı 2022-ci ilin dekabr ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta