Yeni roman böyük mükafata layiq görülüb - Foto
Yazıçı-publisist Persival Everettin dünya şöhrətli yazıçı Mark Tvenin müəllifi olduğu "Heklberri Finnin sərgüzəştləri" əsərinin süjeti üzərində yazdığı "Ceyms" adlı bir qulun taleyindən söz açan romanı böyük maraqla qarşılanıb. Yazıçı bu kitabına görə 2024-cü ildə Amerikada çap olunan bütün bədii əsərlərin müəlliflərini geridə qoyub və ABŞ-nın nüfuzlu Milli Kitab Mükafatını qazanıb.
Reyting.az BBC telekanalına istinadla bildirir ki, amerikalı tənqidçilər və çoxsaylı oxucular yazıçı Everetin yeni çap olunan kitabının müasir Amerika ədəbiyyatında böyük bir ədəbi hadisəyə çevrildiyini deyirlər.
"Ceyms" əsərindəki dolğun təsvir olunan qulun qələbəsini əslində onun gözlənilən qələbəsi də adlandırmaq olar. Çünki bir qul kimi o, sadəcə, müqavimət göstərmir. Ceyms qul kimi vəhşi instinktlərdən, həm də kin-küdurətdən, qəzəbdən uzaq insan xarakterini ortaya qoymaqla sona qədər öz mübarizəsini aparır. Müəllifin bu əsəri bir neçə ədəbi mükafat qazanıb, tezliklə "Booker" üçün nəzərdə tutulmuş kiçik bir siyahıya da düşüb. Qaradərili yazıçının romanı amerikalı oxucuların da rəğbətini qazanıb. Bəzi amerikalı tənqidçilər hətta bu kitabı ABŞ-nın ədəbi kanonunda Mark Tvenin klassik əsərləri ilə bərabər yer tutduğunu iddia edirlər.
Ceyms, öz səsini almış, Heklberri Finni ilə Missisipi çayı boyunca üzən bir saldasəyahət edən və qaça bilən qul Cimdir.
Mark Tvenin yaratdığı klassik Cim obrazı - mehriban, həlim, lakin cahil və daha da çox qul uşağı kimi - Everettin romanında azca fərqlidir. Çünki yazıçı Everettin yeni qəhrəmanı artıq birlikdə olduğu həmin "ağ ustaların" yanında sifətə taxılmış bir maskaya çevrilib. Bir neçə il əvvəl linçlər haqqında yazdığı, uğur qazanan satirik romanına görə ABŞ-nın Satirik Ədəbiyyat üzrə "Wodehouse" mükafatını alan yazıçı kimi müəllif bu əsərində də öz bacarığını nümayiş etdirə bilib.
Everett macəraların yeni versiyasını gülməli qurmağı bacarıb. Romanın epizodlarından birində əsərin baş qəhrəmanı Cim qaradərili qullar kimi geyinmiş musiqiçilərlə çıxış edir. Bundan ötrü isə Ceyms özünü bir ağ adam cildinə salmalıdır, çünki tamaşaçılar bu qulun əsl qaradərili olduğunu bilsələr, çıxış edənlər və yaxud həmin qəribə ansamblın bütün üzvlərini ölümlə təhdid edərlər. Baş verənlər həmçinin hadisələri daha gülməli və rəngarəng edir. Bu isə Ceyms tərəfindən baş verənlərin absurdluğunu ironiya ilə şərh etməsinə qətiyyən mane olmur.
Persival Everett BBC-yə müsahibəsində əsəri barədə çox maraqlı bir izah verib:
"Hər hansı bir kölə, yəni həbs edilmiş və yaxud da məzlum insanlar öz zalımlarının yanında bir-biriləri ilə danışmaqdan ötrü həmişə yol tapırlar. Qullar həmişə bir-biri arasında qul sahiblərinin başa düşmədiyi tərzdə danışmalı idilər. Elə olur ki, mənim romanımda bu, bizim standart ingilis dili adlandıracağımız, yəni ədəbi fənddən istifadə etməklə baş verir".
P. Everett kitabın sonundakı ehtiram təşəkküründə yazıçı kimi özünə ustad saydığı Mark Tven barəsində yazır:
"Onun yumoru, insanlığı hətta mən yazıçı olmamışdan çox əvvəl artıq mənə böyük təsir etmişdi".
"Cənnətin havası çox yaxşıdır, lakin Mark Tvenlə cəhənnəmdə nahar edə bilərsiniz", - söyləyən "Ceyms" romanının müəllifi P. Everett amerikalı klassik yazıçıya aid edilən və dillər əzbərinə çevrilmiş məşhur zarafatdan sonra söhbətə yekun vurub.
Xatırladaq ki, bundan əvvəl İrlandiyanın tanınmış yazıçısı Pol Linç "Peyğəmbərin nəğməsi" romanına görə 2023-cü il üçün "Man Booker" mükafatını qazanıb.
Oqtay QORÇU