AZ

Azərbaycanda bir neçə beynəlxalq elektron ticarət platformasının qeydiyyatına dair müzakirələr gedir

 

Azərbaycanda bir neçə beynəlxalq elektron ticarət platformaların dövlət qeydiyyatına, yəni ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınması ilə bağlı danışıqlar aparılır.

Missiya.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə bildirib.

Bu sahədə ilk şirkət “Apple Distribution International Limited” olub və ƏDV məqsədləri üçün onun qeydiyyatı bu il dekabrın 1-dən qüvvəyə minir. Vergi Məcəlləsinin müddəalarına əsasən, bu tarixdən başlayaraq xidmətlərin alınması üçün “Apple Distribution International Limited” şirkətinə ödənişi aparan banklar alıcının (vətəndaşların) vəsaiti hesabına ƏDV hesablamayacaq.

S. Musayevanın sözlərinə görə, elektron ticarət sahəsində iki əsas istiqamət mövcuddur: yerli istehsal və ticarətin e-ticarət üzərindən davam etdirilməsi, həmçinin qlobal elektron ticarət platformalarının vergiyə cəlb olunması. “Bu yaxınlarda ‘“Apple Distribution International Limited” Azərbaycanda elektron ticarət həyata keçirən subyekt kimi elektron qeydiyyatına alındı. İlkin təhlillərimiz göstərir ki, bu şirkət vasitəsilə ölkədə böyük həcmdə elektron ticarət əməliyyatları həyata keçirilir.

O əlavə edib ki, digər beynəlxalq elektron ticarət platformaları ilə də müzakirələr aparılır. “Yaxın günlərdə qlobal elektron xidmət təchizatçılarının ölkə ərazisində vergiyə cəlb edilməsi ilə bağlı bir neçə il əvvəl Vergi Məcəlləsinə edilən dəyişikliklərin nəticələrini görəcəyik”.

Eyni zamanda, Dövlət Vergi Xidməti yerli bazar iştirakçılarını elektron ticarətə təşviq etmək üçün də dəstək tədbirləri həyata keçirməyə hazırdır.

Qeyd edək ki, “Apple Distribution International Limited” portalda qeydiyyatdan keçmiş iri ticarət markalarından biri olmaqla “Apple” kompaniyasının İrlandiyada yerləşən törəmə şirkətidir. Əsas funksiyası beynəlxalq səviyyədə məhsul və xidmətlərin paylanmasıdır. Bu şirkət, əsasən, “Apple” ekosisteminə aid xidmətlərin (App Store, iCloud, Apple Music, Apple TV+ və s.) Avropa, Yaxın Şərq, Afrika və digər regionlara paylanması və satışı ilə məşğuldur.

Seçilən
13
3
missiya.az

4Mənbələr