AZ

Arzu Nağıyevdən müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitlə bağlı VACİB AÇIQLAMA

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentdəki büdcə müzakirələrində çıxış edib.

Arzu Nağıyev bildirib ki, Milli Məclisin komitələrində aidiyyəti strukturların da iştirakı ilə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi aparılıb və Qanun layihəsinin hazırlanmasına çox ciddi əmək sərf edilib.

“Buna görə də zəhməti keçən bütün qurumlara təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsinin layihəsi qlobal iqtisadi meyllər və ölkəmizin qarşısında duran strateji çağırışlar nəzərə alınmaqla hazırlanıb. Bununla bağlı ilk növbədə qeyd etmək istəyirəm ki, möhtərəm Prezident cənab İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk iclasında ölkə qarşısında duran bəzi vəzifələr haqqında danışarkən bildirib ki, “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə və müharibə ocaqlarının yaradılması, ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilərik. Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır. Uzunluğu 500 kilometr olan sərhəd mürəkkəb relyefli ərazilərdən keçir. Sərhəd xəttini möhkənləndirmək üçün müasir istehkam qurğularının qurulmasına ehtiyac var. Əsasən, yüksəkliklərdə hərbi xidmət keçmək üçün yeni komandolar, hərbi birləşmələrin yaradılması zəruridir. Xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ən müasir texnika və texnologiyalarla təmin edilməsi prosesi davam etdirilməlidir”, – komitə sədri qeyd edib.

Arzu Nağıyev bildirib ki, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsiziliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində ən mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulub:

“Qeyd edildiyi kimi, qanun layihəsində müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1,3 milyard manat çoxdur. Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat artırılması hesabına təmin ediləcək.

İctimaiyyətin də maraqlarını nəzərə alaraq bir sıra rəqəmləri səsləndirmək istəyirəm ki, həmin xərclərin aşağıdakı kimi bölüşdürülməsi nəzərdə tutulur:

müdafiə qüvvələri – 2 665 277 196,0

milli təhlükəsizlik – 467 917 873,0

sərhəd xidməti – 540 314 143,0

O cümlədən, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711,0

müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər – 4 717 428 673,0

Müdafiə və xüsusi xidmət, hüquq-mühafizə orqanlarında șəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı məsələlər də layihədə nəzərə alınıb. Eyni zamanda kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara – ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla – ödənilən pul kompensasiyası üçün 2025-ci ilin dövlət büdcəsində 15,0 milyon manat, 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması zəruri xərclərin maliyyə təminatı üçün 35,0 milyon manat məbləğində vəsaitin nəzərdə tutulması da sevindirici və müsbət haldır”.

Arzu Nağıyev əminliklə deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, həmçinin Milli Məclisdə qəbul olunan qanunlar büdcə hədəflərinin reallaşmasına kömək olacaq:

“Hörmətli xanım sədr! Tapşırığınız əsasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub, həmkarlarımız tərəfindən hüquq-mühafizə orqanlarında, o cümlədən polis orqanlarında məvaciblərin artırılması, Ombusman aparatı ilə bağlı, digər irəli sürülən təkliflər də cavablandırıldı və layihə yekdilliklə birinci oxunuşda baxılması üçün Milli Məclisin müzakirəsinə tövsiyə edildi. Dəstəkləməyinizi və səs verməyinizi xahiş edirəm”.

Seçilən
5
3
moderator.az

4Mənbələr