AZ

Tahir Gözəl: "Qarabağ" meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq" » AzadMedia.az



Komandamız meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq.

Bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

UEFA Avropa Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Lion" (Fransa) oyunu öncəsi komandanın mətbuat xidmətinə danışan klub rəhbəri qələbə qazanmaq istədiklərini bildirib:

“Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Bodo Qlimt”ə (Norveç) qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Futbolçularımız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq. Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləyə bilməyəcəm. Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. İnanıram ki, azarkeşlərimiz Tofiq Bəhramov adına Respublika stadionunu dolduracaq və arenadan sevinclə ayrılacaqlar. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi “Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq”.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.
Seçilən
5
6
azadmedia.az

10Mənbələr