Bu gün planetimizin üzləşdiyi ən böyük problemlərdən biri iqlim dəyişmələri nəticəsində baş verən qlobal istiləşmə və onun yaratdığı fəsadlardır.
Son bir neçə yüzillikdə baş vermiş sənaye inqilabı nəticəsində havaya atılan istixana qazlarının miqdarı artıb. Nəticədə havanın keyfiyyətinin aşağı düşməsi insanların səhhətinə təsirsiz ötüşmür. Ümumiyyətlə iqlim dəyişikliyi insan orqanizminə və xəstəliklərə necə təsir edir?
Mövzu ilə bağlı Referans.az - a açıqlamasında tibbi məsələlər üzrə ekspert Adil Qeybulla bildirib ki, iqlim dəyişikliyi adlandırılan məhfum əslində yer kürəsinin termo requliyasının pozulmasıdır. Bu gün dünyada iqlim dəyişikliyini şərtləndirən əsas amil əhali artımının həddən artıq çox olmasıdır. Bundan başqa insan çoxluğu nəticəsində də sənaye inqilabları və bir çox sahələrdə yüklənmələr baş verir.
Təbii ki, insanlar çoxaldıqca onların yaşayış yerləri üçün təbiətə ziyan dəyir. Ekspert qeyd edib ki, vaxtilə Afrikada 250 min şir mövcud olub. Hazırda isə bu heyvanların sayı 20 minə qədərdir. Bir müddət sonra isə bu heyvanların nəslinin kəsilməsi proqnozlaşdırılır. Belə bir situasiyada flora və fauna ciddi şəkildə dəyişdiyi və yerin istilik requliyasiyası pozulduğu üçün yer kürəsində yeni balans yaranır.
Adil Qeybulla onu da diqqət çəkib ki, yeni yaradılan balansa insanların uyğunlaşması sual altındadır. Buna görə də planetimizi qorumaq hər birimizin borcudur. Hazırda dünyadakı hava temraturunun 2,5 dərəcə artması çox ciddi problemlərin baş verəcəyindən xəbər verir. Bu çox təhlükəli prosesdir. Belə ki, bu prosesin nəticəsində müxtəlif təbii fəlakətlər və xüsusilə də insan sağlığı üçün ciddi risklər gözlənilir.
Mütəxəssis deyib ki, bu gün aktuallaşan yaşıl enerji əslində məsələnin birbaşa həlli deyil. Hesab edirəm ki, gələcəkdə yer kürəsindəki insan sayına da xüsusi nəzarət edilməsi real görünür. Lakin bunu hələlik bəzi insanlar qəbul etmir. Bununla belə bu məsələ çox mühüm məsələdir.
"Aşırı insan artımı dünyanın ekologiyası və ümumilikdə bütün planet üçün ciddi problemlərə yol açır. Buna görə də bu məsələyə ayrıca diqqət edilməlidir. İnsanların çıxış yolu ilk növbədə planeti qorumaqdır. Əks halda hamımızın həyatı təhlükədədir",- deyə ekspert əlavə edib.