AZ

NASA və İsa arasında

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə toyda dava düşüb, 7 nəfər bıçaqlanıb. Bunlardan biri qonşu kənddən imiş. Yəni soydaşlarımız orada regional və geopolitik məsələləri hərtərəfli həll etməkdədir. Təzəlikcə parlament seçkisi olmuşdur, lakin müxalifət mandatlarını tullamışdır. Prezident Zurabişvili parlament seçkisinin nəticəsini tanımaqdan imtina etmişdir. Hər gün Tiflisdə etiraz aksiyaları keçirilir. Qabaqdan prezident seçkisi gəlir, hələ onda daha çox qırğın-qiyamət olacaq. Bizimkilərsə belə siyasi işlərə qarışmır, başlarını aşağı salıb bıçaqlaşırlar.

Düzgün siyasət elə budur. Milli deputatımız Zahid müəllim buna görə sərhədlərin bağlı qalmağına haqq qazandırır - açıq qoysaq gör oradan nə qədər əli bıçaqlı gələcəkdir.

Sözgəlişi, toy olan kəndin ismi-şərifi də mənə olduqca mənalı və xoş gəldi: Dəllər. Bunu həm Koroğlunun dəliləri, həm də “orada toya getmə, dələrlər” anlamında başa düşməliyik. Yəni məsələnin qoyuluşuna baxmaq lazımdır. İnsan gərək soykökünü unutmasın.

Belə iftixarlı işlər çoxdur. Dünən birisinə də rast gəldim. Yazmışdılar ki, cəlilabadlı gənc NASA-da çalışır.

Həqiqətən qürur duyulası adamdır. Cəlilabaddan NASA-ya gedib çıxmaq elə asan iş deyil ki? Arada Hacıqabuldan keçməlisən, Qobustan yolundan gəlməlisən, bunun Bibiheybəti, “Dvadsatı”sı var... Üstəlik, həmyerlimiz geofizikdir. Oxuduğu, öyrəndiyi yerlərin siyahısını da vermişdilər, saydıqca qurtarmırdı: ABŞ elə gəldi, Çin belə getdi, Fulbrayt təqaüdü, nə bilim, Almaniya-filan... Yazının içində NASA-dan, Şanxaydan çoxlu fotolar verilmişdi, ancaq bir şəkil xüsusilə diqqət cəlb edirdi. Bu, 2024-cü ilin martında AMEA prezidenti İsa Həbibbəyli müəllimin bu gəncə bağışladığı “İlin gənc alimi” diplomu idi. Xəbər elə bu diplomun fotosu ilə də bitirdi.

Gözəldirmi? Əlbəttə. Yenə yuxarıda yazdığım marşrutdakı kimi, NASA-dan başlayırsan, ortada Şanxay rəsədxanasına girirsən, arada Yerin geofizikasını qurdalayırsan, lap axırda, akkord olaraq qənşərinə AMEA-dan verilən diplom çıxır. Elə bil şahplov yeyib üstündən “Napoleon” tortu ilə çay içirsən. Ya da, nə bilim, “Lider-kola” ilə 21 illik “Qlenfiddix” viskisini qarışdırırsan, cız-bızla vurursan bədənə.

Təbii ki, o diplomu müxbir özü tapıb ortaya çıxarmayıb, alim verib, deyib bunun şəklini də qoy ora, oxuculara maraqlı olsun. Atam-qərdeşim, sən axırda bəzi saxta ginekoloqların kabinetdə divardan asdığı, beynəlxalq-siyasi-sosial-hüquqi “Qanun naminə” qəzetinin “Elimizin işıqlı gözü” diplomuna ehtiyac duyacaqsansa, NASA-nı neynirsən? NASA hara, İsa hara? Nəsə, Allah köməyin olsun. Mən gedim bir az əziz dostum, bəstəkar Firudin Allahverdi-nin bəstələdiyi “Cəlilabad oğlanları” mahnısını dinləyim: “Yeyib-içib, gəzərlər, Cəlilabad oğlanları, Yaxşı da şot verərlər, Cəlilabad oğlanları”. AMEA, NASA informasiyalarının üstündən yaxşı gedir. Arxa fon müziyi kimi də olar. 

Elmi xəbərlərimiz çoxdur. Bugünlərdə bir nəfər yoldaşı xaricdə qaçaqmalçılıq, qızıl alveri üstündə yaxalamışdılar. Səfirliyimizdə hərbi attaşe işləyirmiş, yəqin qızılları hərbi məqsədlə gətirib tank alacaqmış - vətəndaşlarımız haqda pis fikrə düşə bilmərik. Xəbərin elmi dəyəri isə budur ki, həmin attaşe akademik Qərib müəllimin doğmaca qərdeşiymiş. Qərib müəllim əski Torpaq Komitəmizin müdiri və uyğun olaraq YAP Yasamal şöbəsində Metro Tağının müavini işində çalışmışdır (gördüyünüz kimi, adam hərtərəfli torpaq adamıdır). Elə qızıl da haradan çıxır? Ay sağ ol: torpaqdan.

Son olaraq bildirirəm ki, mən özüm də torpaq adamıyam, bunun mənasını tapana 7 kilo qızıl diplomu verəcəyəm.

P.S. Açığı, oxucularımız yüksək intellektə malikdir, qorxdum tapalar, qızıllar əlimizdən gedə, düzgün cavabı yazıram: “zamin” sözünün ərəbcə anlamı “torpaq”dır. 

 

Seçilən
8
musavat.com

1Mənbələr