AZ

Milli Məclis 2025-ci ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib

Noyabrın 26-da Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Hökumət üzvlərinin də qatıldıqları iclasda 2025-ci ilin dövlət büdcəsi layihəsinin noyabrın 25-də başlanan müzakirələri davam etdirilib.

Müzakirələrdə çıxış edən deputatlar dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsindən və böyük uğurla başa çatmasından söz açıblar.

Beləliklə, noyabrın 25-dən başlayan geniş müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra gündəliyin növbəti iki məsələsi - “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri müzakirəyə təqdim olunub. Birinci layihə (birinci oxunuş) barədə məlumatı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev verib. Bildirib ki, Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676 milyon manat proqnozlaşdırılır, bu, cari ilin büdcəsinə nisbətən 726,6 milyon manat və ya 10,5 faiz çoxdur.

DSMF-nin xərcləri ilə bağlı qeyd edilib ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5 faizini əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin cari ilin sonuna 494 manat, gələn ildə isə 535 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 527 manatdan 44 manat artaraq 571 manata yüksəldilməsi gözlənilir.

2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,4 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3 faiz, yaxud 16,8 milyon manat çoxdur.

İkinci qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə fondun gəlirləri və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 9,5 faiz çoxdur.

İşsizlikdən sığorta fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1 aizi işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 11,7 faiz çoxdur. Sığorta haqları üzrə yığımın 75,9 faizi qeyri-büdcə sektorunun payına düşəcək.

Sonra Musa Quliyev İşsizlikdən sığorta fondunun gələn il üçün xərc istiqamətləri barədə məlumat verib, fondun fəaliyyətinin tənzimlənməsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təkliflərini səsləndirib.

Daha sonra komitə sədri Azər Əmiraslanov təqdim olunan qanun layihələri ilə bağlı rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini bildirib.

Sonra iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” birinci oxunuşda məlumat verib.

Nazir bildirib ki, Fondun 2025-ci il üçün gəlirlərinin 78 faizinin və ya 6 milyard manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 faiz çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar üzrə 2025-ci il üçün daxilolmalar 2 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə gəlirlər sosial sığorta haqlarının 66 faizini təşkil edir.

Ümumilikdə 2024-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1 faiz və ya 135 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 10,8 faiz və ya 385 milyon manat artımla proqnozlaşdırılıb.

Qeyd olunub ki, 2018-ci illə müqayisədə əhaliyə ödənişlərin 3 milyard 804 milyon manat artmasına baxmayaraq, 2019-2024-cü illərdə büdcəyə ümumilikdə 1 milyard 153 milyon manat vəsait qaytarılıb, habelə transfertin gəlirlərdə payı 2017-ci illə müqayisədə 38,1 faizdən 2025-ci ildə 20,8 faizə enəcək.

Növbəti ildə Fondun xərcləri 7 milyard 676 milyon manat proqnozlaşdırılır.

2025-ci il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2024-cü ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 686 milyon manat və ya 10,5 faiz artımla nəzərə alınıb. Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin sonuna gözlənilən göstəricidən 8,3 faiz çoxdur. Yaşa görə pensiyanın orta aylıq məbləği isə növbəti ildə 571 manat təşkil edəcək. Bu isə cari il üçün yaşa görə pensiyaların ilin sonuna gözlənilən orta aylıq məbləği ilə müqayisədə 8,3 faiz artım deməkdir. Cari ilin sonuna yaşa görə pensiyaların orta məbləği 527,3 manat olaraq gözlənilir.

Pensiya sistemi üzrə əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayında indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 263 milyon manat əsassız xərclərin qarşısı alınıb.

Eyni zamanda, aparılmış sistemli iş nəticəsində DSMF əleyhinə məhkəmə qərarlarının sayı 94 faiz, yaranan maliyyə öhdəlikləri isə 93 faiz azalıb.

Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” məlumat verən nazir Sahil Babayev diqqətə çatdırıb ki, 2025-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri balanslaşdırılmaqla 260,7 milyon manat nəzərdə tutulub, bu da cari illə müqayisədə 22,7 milyon manat, yaxud 9,5 faiz çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 50 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 156 milyon manat proqnozlaşdırılır. Sığorta haqları üzrə yığımın 76 faiz-i qeyri-büdcə sektorunun payına düşəcəkdir ki, bu da cari ilə nisbətən 17 milyon manat çoxdur.

Ümumilikdə, 2024-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 10 faiz, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 12 faiz artımla proqnozlaşdırılıb.

2030-cu ilə qədər Quba, Masallı, Sabirabad, Şəki, Cəbrayıl rayonlarında müasir avadanlıqlarla təchiz edilmiş yeni peşə hazırlığı mərkəzlərinin tikilməsi nəzərdə tutulub. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə iş yerlərinin, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinin icrası üçün 2025-ci ildə 3 milyon manat xərclənməsi nəzərdə tutulur.

Sonra məsələlərin müzakirəsi zamanı çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Fazil Mustafa, deputatlar Azay Quliyev, Vüqar Bayramov, Əli Məsimli, Aydın Mirzəzadə və Sahib Alıyev büdcə zərfinə daxil olan bu qanun layihələri barədə fikirlərini bildirib, qeyd və təkliflərini səsləndiriblər.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

XQ

Seçilən
4
10
xalqqazeti.az

10Mənbələr