AZ

Ət idxalına “Stop!”

Bu qadağa nə ilə bağlıdır?

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarından ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Fələstinin Ramallah və Əl-Bireh əyalətində dabaq, Fransanın Korsika regionunda, Almaniyanın Berlin şəhərində blutanq, Əlcəzairin Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa, Skikda əyalətlərində nodulyar dermatit, ABŞ-nin İllinoys ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə  alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Ramallah və Əl-Bireh əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Korsika regionunda və Berlin şəhərində xəstəlik baş vermiş təsərrüfatdan 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bununla yanaşı Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa və Skikda əyalətlərində xəstəlik baş vermiş təsərrüfatdan 50 kilometr radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına, İllinoys ştatında xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarına qadağa, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla) idxalına qadağa qoyulub. Bundan başqa, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına da müvəqqəti məhdudiyyət tətbiq olunub.

Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə vurğulanan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib Azərbaycana gələn, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Seçilən
11
25
xalqqazeti.az

10Mənbələr