“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin 2024-cü ilin ilk on ayında topladığı sığorta haqqları 12,45 milyon manata bərabər olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 15,8 % azdır.
Valyuta.az-ın məlumatına görə, son bir ildə müştərək sığorta şirkətinin yığımları 2,33 milyon manat azalıb. Belə ki, 2023-cü ilin eyni dövründə “Aqrar Sığorta”nın yığımları 14,78 milyon manat təşkil etmişdi.
Sığorta şirkətinin yığımları azalsa da, ödənişləri 2,9 dəfə artıb və bu ilin yanvar-oktyabr aylarında 4,03 milyon manata çatıb. Başqa sözlə, şirkətinin ödənişləri 2,62 milyon manat artıb. 2023-cü ilin ilk on ayında isə ödənişlərin ümumi həcmi 1,41 milyon manat təşkil etmişdi.
Son nəticədə sığorta şirkətinin zərərliyi 9,5 %-dən, 32,4%-ə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl yerli mediaya açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov şirkətin yığımlarının azalmasını taxılın qiymətində müşahidə edilən enmə ilə izah etmişdi.
Xatırladaq ki, 2020-ci ildə yaradılan “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” 7 sığorta şirkəti tərəfindən bərabər paylarla təsis edilib. Müştərək şirkətin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.
Pünhan