Avstriyada yaşayan bəstəkar, musiqi nəzəriyyəçisi və etnomusiqişünas Aria Torkanbouri magistr təhsilini başa vurduğu Vyana Musiqi və Təsviri İncəsənət Universitetinin (MDW) 2024-cü il üzrə fəxri elmi mükafatına layiq görülüb.
Magistr işini Azərbaycan aşıq sənəti barədə yazan A.Torkanbouriyə bu mükafat elmi işin keyfiyyəti, eləcə də təhsil müddətindəki göstəriciləri və nailiyyətlərinə görə təqdim edilib.
Qeyd edilməlidir ki, azərbaycanlı musiqişünas almandilli ali təhsil müəssisələri arasında etnomusiqişünaslıq üzrə magistratura pilləsində təhsilini bitirən ikinci şəxs, MDW tarixində isə bu mükafata layiq görülmüş ilk etnomusiqişünasdır. 2023-cü ildə universiteti fərqlənmə ilə bitirən 153 məzunu arasından məhdud sayda şəxs bu yüksək mükafatla (əla qiymətlərdən də üstün nəticə) təltif edilib.
Hazırda Aria Torkanbouri həmin universitetdə tarixi musiqişünaslıq ixtisası üzrə “Dayanıqlılıq harmoniyaları: İspan qripi pandemiyası dövründə (1918-1920) Azərbaycan musiqisinin emosional boyutları” adlı elmi mövzuda Avropa İttifaqı və Avropa Araşdırmalar Şurasının təsis etdiyi “GOING VIRAL. Music and Emotions during Pandemics (1679-1919)” layihəsində pre-doktoral tədqiqatçı olaraq təhsilini davam etdirir.
Eyni zamanda, Aria Torkanbouri Azərbaycan, Böyük Britaniya, Almaniya, Avstriya, Yeni Zelandiya, ABŞ, Litvada keçirilən fərqli beynəlxalq elmi konfranslarda məruzə söyləyib. O, həmçinin bu il sentyabrın 18-dən 22-dək Bakıda Azərbaycan Milli Konservatoriyasında UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Qədim mirasın əks-sədaları: musiqi və rəqs irsinin öyrənilməsi” adlı birgə simpoziumunda iştirak edib, əvvəlki araşdırmaları və hazırda apardığı tədqiqatlarla bağlı çıxış edib.