"Azərbaycanda qalmaq cəza və ya təzyiq növüdür?”
İqtisadçı Toğrul Vəliyevin ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.
İqtisadçı bu barədə sosial şəbəkə hesabında yazıb.
Toğrul Vəliyev hesab edir ki, ölkədən çıxışına qadağa "AbzasMedia işi” çərçivəsində qoyulub.
"Azərbaycanda qalmaq cəza və ya təzyiq növüdür? Bilmirəm”, – iqtisadçı deyib.
Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Toğrul Vəliyev "AbzasMedia”nın əməkdaşlarına açılan cinayət işinə şahid qismində cəlb olunmuşdu.
O, 2023-cü il noyabrın 28-də Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) dindirilmişdi.
Noyabrın 29-da isə BŞBPİ-nin vəsatəti əsasında Xətai Rayon Məhkəməsi onun əmək haqqı kartına həbs qoymuşdu.
Bu arada bir neçə gün öncə Siyasi Menecment İnstitutunun (SMİ) direktoru Azər Qasımlının da ölkədən çıxışına qadağa qoyulub.
O, noyabrın 25-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq şahid qismində dindirilib.
Azər Qasımı hansı işlə bağlı dindirildiyini açıqlamayıb.
"AbzasMedia işi”: həbslər, dindirilmələr…
Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.
2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
2024-cü il mayın 31-də isə "Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb.
İyunun 1-də ona qarşı "AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün "AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20- yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.