AZ

“İki dövlət arasında müharibə Xəzər hövzəsinə çatıb” – Bortnikov Azərbaycanı NATO-ya şərait yaratmaqda ittiham edir?

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin noyabrın 26-da Moskvada keçirilən iclasında deyib ki, NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxış əldə etməyə çalışır. Qara dənizi anladıq, sahil ölkələri arasında NATO üzvləri var. Bəs NATO Xəzər dənizinə necə çıxış imkanı əldə edə bilər?”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Bortnikovun dediklərini şərh edərkən bildirib. Onun sözlərinə görə, bunun üçün NATO Xəzər sahili ölkələrin birinin imkanlarından istifadə etməlidir:

“Xəzər sahili ölkələrdən yalnız Azərbaycan və Qazaxıstan NATO ilə əməkdaşlıq edir və bu təşkilatın bir sıra proqramlarında iştirak edir. Ancaq Azərbaycanın və Qazaxıstanın NATO ilə əməkdaşlığı Şimali Atlantika Blokunun Xəzərə çıxışına imkan yaratmır. Azərbaycanın və Qazaxıstanın NATO ilə əməkdaşlığının Xəzərə aidiyyatı yoxdur”.

Ekspert vurğulayır ki, Xəzər bölgəsinə təhlükə yaradan NATO deyil, Rusiyanın bu akvatoriyadan Ukraynaya endirdiyi raket zərbələridir. O, xatırladır ki, Rusiya ötən ilin iyunun 6-da qanadlı raketlərlə Ukraynaya hücum edib. “35 qanadlı raket Xəzər dənizi üzərində uçan 6 strateji bombardmançı “Tu-95M” təyyarəsindən buraxılıb. Xəzərdəki hərbi gəmilərdən də raketlər atılıb. Rusiya bununla Xəzər hövsəzini təhlükə altına atıb”, - təhlilçi xatırladıb.

E.Şahinoğlu yada salır ki, Xəzərsahili ölkələrin liderlərinin 2018-ci il avqustunda imzaladıqları Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulub:

“Rusiya isə Xəzərdən Ukraynaya raket atmaqla konvensiyanın bu bəndini pozub. Bundan başqa Rusiyanın Xəzər Donanmasında sayları artan gəmilərin yeni silah sistemləri ilə təchiz edilməsinin məqsədi də aydın deyil. Rusiya Xəzər sahili ölkələrin hər biri ilə tərəfdaşlıq münasibətlərinə malikdir. Bu halda Rusiyanın Xəzərdəki donanmasını kimlərə qarşı gücləndirdiyi bəlli deyil. Qara dənizdən fərqli olaraq Xəzər bölgəsində Rusiyaya təhlükə yaradacaq amil yoxdur”.

Politoloq vurğulayır ki, Rusiyanın mövcud siyasəti həm Xəzərlə bağlı imzaladığı konvensiyaya ziddir, həm də sahil ölkələrə təhlükə yaradır.

“Çünki Ukrayna da Rusiyanın hərbi mövqelərinə zərbələr endirir. Ukrayna noyabrın 6-da Rusiyanın Xəzər dənizindəki donanmasına zərbə endirib. Bununla iki dövlət arasında müharibə Xəzər hövzəsinə çatıb. Bu sahil ölkələrin Xəzərdəki neft və qaz yataqlarına təhlükə yaradır”, - politoloq qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info

Seçilən
3
2
azpolitika.info

3Mənbələr