AZ

COP29 üzərində informasiya savaşı: kim uddu, kim uduzdu?

Azərbaycan COP29 sammitində informasiya açıqlığını təmin etmək üçün mümkün olan texniki tətbiqlərin hamısından yararlandı. Yerli və beynəlxalq statuslu media subyektlərinin, qeyri-hökumət təşkilatlarının konfransda rahat iştirakı üçün zəruri olan bütün addımları atdı. Ev sahibi qismində yeniliklər edərək, COP29 üzrə qeydiyyata düşən jurnalistlər və QHT təmsilçiləri üçün 2024-cü ilin may-iyun aylarında Almaniyanın Bonn şəhərində seminar-treninqlər də keçirdi.

Mötəbər tədbir ətrafında lüzumsuz müzakirələr yaranmasın deyə, hətta fəaliyyəti mübahisə doğuran media subyektlərinin də sammitdə iştirakına şərait yaradıldı. Barəsində məhkəmə araşdırması aparılan “Toplum TV” əməkdaşları da, 2017-ci ildən etibarən yayımı məhkəmə qərarı ilə məhdudlaşdırılmış “Azadlıq” Radiosunun təmsilçiləri də sammitə qatılmaq imkanı qazandılar. Məlumat üçün qeyd edək ki, "Azadlıq” Radiosunun indiki halda Azərbaycan Respublikası ərazisində fəaliyyəti legitim deyil. Baş Prokurorluq 2014-cü ildə “Azadlıq” Radiosunun Bakı bürosunu vergi və maliyyə pozuntularında ittiham edib. Radionun “azadliq.org” adlı vebsaytı isə 2017-ci ilin mart ayında məhkəmə qərarı ilə bloklanıb. Prokurorluq vebsayt üzərindən ölkənin milli təhlükəsizliyini təhdid edən məlumatlar yayıldığını bildirib.

Bütün bunlara rəğmən, tipindən, siyasi təmayülündən asılı olmayaraq, Azərbaycan bütün KİV və QHT-lər üçün COP29 sammitində bərabər iştirakçılıq şərtlərini tanıdı. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirdi ki, sammiti işıqlandırmaq üçün 200 nəfərdən çox yerli, 3000 nəfərdən çox xarici jurnalist qeydiyyata düşüb (Baku TV link: https://www.youtube.com/watch?v=33U3qtZfvoc).

Onların sırasında dünyanın ən məşhur media qurumları yer tutur. Məsələn, milyonlarla izləyicisi olan BBC şirkəti COP29-u işıqlandırmaq üçün özünün 20 nəfərdən çox əməkdaşını qeydə aldırıb. Digər transmilli KİV-lər də mövzuya həssas yanaşıblar. “Reuters”, Deutsche Welle ( DW: dw.com) və başqaları qısa müddət ərzində mövzu üzrə hər biri təqribən 150 -dən çox xəbər və ya şərh yayıblar. Birmənalı şəkildə demək olar ki, COP29 sammitinə öz səhifəsində yer ayırmayan transmilli və transsərhəd KİV qurumu qalmayıb.

Nəticə budur ki, COP29 sammiti üzrə informasiyalar qlobal xəbər gündəmində trendə çevrilib. İnternet axtarış alətləri göstərir ki, sammitin keçirildiyi dövrdə beynəlxalq mediada mövzu üzrə hər gün 10 minlərlə məlumat paylaşılıb (şəkil 1 və 2). COP29 fonunda Azərbaycanın da adı dünyanın bir nömrəli mövzusuna çevrilib. Sammit çərçivəsində müzakirə edilən mövzular, həmçinin, Azərbaycanın uğurlu ev sahibliyi barədə məqalələrin sayı minlərlədir. Qısaca qeyd edək ki, ölkəmizin adı qlobal informasiya məkanında heç zaman kəmiyyət baxımından indiki qədər yüksək, məzmun baxımından bu qədər çoxçeşidli olmayıb.

COP29 üzrə beynəlxalq informasiya resurslarında paylaşılmış məlumatları məzmun baxımından 2 istiqamətdə təsnifatlaşdırmaq mümkündür. Birinci istiqamət sammit barədə dəqiq, obyektiv, qərəzsiz məlumatlar verən informasiya resurslarını əhatə edir. Bu tip media subyektlərinin, informasiya resurslarının sayı yüzlərlədir. Onların bir çoxu statistik informasiyalar yayıblar. Yəni, məlumatlandırma və maarifləndirmə funksiyasını icra ediblər.

Statistik məlumatların yayılmasına daha çox beynəlxalq təşkilatların informasiya resurslarında, həmçinin, tədqiqat mərkəzlərinin səhifələrində təsadüf edilir. Məsələn, Birləşmiş Millətlər Təşkilatının saytında COP29 konfransının mahiyyəti, müzakirə edilən mövzular, həmçinin, konfransa ev sahibliyi edən Azərbaycan Respublikası barədə məlumatlandırıcı xarakterli çoxsaylı məqalələr yerləşdirilib ( https://unfccc.int/cop29 // https://www.unep.org/unep-climate-cop29 ). Təkcə BMT deyil, digər dövlətlərarası təşkilatların, o cümlədən, Avropa İttifaqının saytında da COP29 və Azərbaycan barədə statistik məlumatlar yer alıb.

Dünyanın məşhur tədqiqat mərkəzləri, institut və universitetləri də COP29 üzrə yüzlərlə məqalə və məlumatlar yayıblar. Məsələn, öz nüfuzuna və tarixinə görə dünyada 4-cü sayılan Kembric Universiteti (Cambridge Institute for Sustainability Leadership ) “What is COP29?” başlığı ilə geniş məqalə dərc edib və orada həm COP29, həm də Azərbaycan barədə geniş məlumatlar açıqlayıb ( https://www.cisl.cam.ac.uk/cop-climate-change-conference/cop29-azerbaijan-11-24-november-2024 ).

Məxsusi olaraq ekoloji mövzuda tədqiqatlar aparan beynəlxalq mərkəzlərin COP29 barədə yaydıqları materialların sayı isə daha çoxdur. Bu kontekstdə İUCA (International Universities Climate Alliance) qismində birliklərin fəaliyyəti diqqət çəkir. Alyans “UN Climate Change Conference-COP29” başlığı ilə xüsusi rubrika yaradıb və bu başlıq altında 10-larca məqalə yayımlayıb ( https://universitiesforclimate.org/event/un-climate-change-conference-cop29-baku ). Belə institut, elmi mərkəzlərinin Bakı sammiti barədə paylaşdıqları materialların sayı kifayət qədər çoxdur. Demək olar ki, COP29 sammiti dünya xəbər gündəminə müvəqqəti populyarlıq qazanan informasiya kimi düşmədi. Əksinə, Azərbaycanın ev sahibi olaraq təqdim etdiyi modullar sayəsində tədqiqat mərkəzlərinin, beynəlxalq təşkilatların araşdırma predmetinə çevrildi. Uzun illər ərzində müzakirə ediləcək mövzu kimi tarixə düşdü.

Eyni yanaşma, transsərhəd və transmilli KİV-lərin səhifələrində də müşahidə olunur. COP29 sammitində 196 ölkədən rəsmi nümayəndə heyətləri iştirak etdi. Həmin ölkələrin KİV-lərində ən azı öz nümayəndə heyətlərinin səfərləri barədə informasiya verildiyini nəzərə alsaq, onda transsərhəd KİV-lərdə COP29 və Azərbaycan barədə nə qədər çox məlumatlandırıcı informasiyalar yayıldığını təsəvvür edə bilərik.

Yekun nəticə budur ki, Azərbaycan komandasının COP29 üzrə məlumatlandırma işi effektiv oldu. Sammitdə müzakirə olunan mövzular, Azərbaycanın ev sahibliyi üzrə peşəkar fəaliyyəti barədə zəruri informasiyalar beynəlxalq ictimai rəyə çatdırıla bildi.

Prosesin gedişində diqqət çəkən ikinci istiqamət isə COP29-un mahiyyətini kontekstdən çıxaran, onun barəsində dezinformasiya yayan media qurumlarının fəaliyyətidir. Bu sırada dünyanın aparıcı dövlətlərinə, siyasi güc mərkəzlərinə bağlı olan transmilli KİV-lər və qondarma hüquq müdafiə təşkilatları xüsusi fəallıq göstərdilər. “Washington Post”dan başlamış, CNN, “Azadlıq” Radiosu, “Deutsche Welle” (DW), “France 24”, “The Guardian”a qədər ən müxtəlif media resursları şərləmə prosesində rol aldılar. “Human Rights Watch”, “Amnesty international”, “Freedon House”, “Democracy now” qismində təşkilatlar da onlara dəstək verdilər.

Aydınlıq yaranması üçün qeyd edək ki, sadalanan media qurumlarının səhifələrində də COP29 barədə bəzən informativ, obyektiv və qərəzsiz informasiyalar yayıldı. Bu, Azərbaycan tərəfinin çevik reaksiyasına və arqumentli tələblərinə uyğun olaraq baş verdi. Amma onların prosesə ümumi yanaşmaları tendensiyalı, siyasi konyukturaya uyğun, qeyri-obyektiv və qərəzli oldu. Çox aydın şəkildə göründü ki, həm COP29, həm də Azərbaycanın ev sahibliyi barədə qondarma məlumatlar yaymaqla, beynəlxalq ictimaiyyəti çaşdırmaq istədilər.

Təcrübə göstərir ki, adıçəkilən KİV və təşkilatlar Avropanın aparıcı dövlətlərindən, siyasi mərkəzlərindən, donor institutlarından asılı vəziyyətdədirlər. Zəruri anda sifarişlə hərəkət edib hədəf ölkələrə qarşı informasiya savaşı açırlar. “Washington Post”un COP29-a yanaşması ABŞ Dövlət Departamentinin siyasətindən heç bir halda fərqlənmədi. “France 24” öz işini rəsmən Fransa Xarici İşlər Nazirliyindən aldığı təlimatlar əsasında qurur. “Deutsche Welle”nin məqalələri Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a dair məruzəsinin eynisidir. Bu KİV-lər özlərini müstəqil adlandırırlar, fəaliyyətlərini “insan haqlarının müdafiəsi”, “demokratiyaya dəstək” adı altında pərdələyirlər. Reallıqda isə insan haqlarını, demokratiyanı deyil, xidmətində durduqları dövlətlərin, siyasi mərkəzlərin maraqlarını qoruyurlar. Hətta ayrı-ayrı dövlətlərə bağlı olmalarına rəğmən, zəruri anda “ümumAvropa maraqlar” naminə birləşib şəbəkəyə çevrilirlər.

Biz bunu ilk dəfə 2012-ci ildə ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi keçiriləndə görmüşük. İndi adını sadaladığımız təşkilatlar həmin dövrdə “Azərbaycan üzrə beynəlxalq əməkdaşlıq qrupu” adlı koalisiya yaratdılar. Öz fəaliyyətlərini koordinasiya edərək Azərbaycana qarşı haqsız bir kampaniya apardılar. Musiqi yarışmasını siyasi savaş alanına çevirdilər. Bu gün də eyni oyunu oynayırlar. COP29-un Azərbaycanda keçiriləcəyi bilinən andan hərəkətə gəliblər. 2024-cü ilin fevral ayından etibarən, “The Baku connection” adlı koalisiya formalaşdırdılar. 50-yə yaxın “beynəlxalq KİV, QHT və hüquq müdafiə təşkilatı”nı səfərbər edərək, COP29-a qarşı qarayaxma kampaniyası apardılar.

Onların COP29 və ev sahibi qismində Azərbaycana qarşı kampaniyaları sistemlidir, koordinasiya edilir. Bu, şəksizdir, heç bir şübhə doğurmur. Amma şübhə doğuran, sual yaradan məqamlar da var. Məsələn, bu kampaniyanı nə üçün keçirdilər? Maraqları, hədəfləri nədir? Suala aydınlıq gətirmək üçün bir sıra nüanslara diqqət yetirmək lazım gəlir.

Müşahidə olundu ki, qeyd edilən qurumlar Azərbaycanın adını önə çəkməklə, əslində fikri yayındırırlar. Reallıqda COP platformasının özünü hədəf alırlar. Onlar COP platformasının davamlı olmasını istəmirlər. Çünki COP platformasının davamlı olması, uğur qazanması sadalanan KİV və QHT-ləri bəsləyən dövlətlərin maraqlarına ziddir. Hətta ABŞ 2019-cu ildə COP-dan çıxdığını bəyan edib. Ciddi qınaqla qarşılaşdığı üçün sonradan geri dönüb. Amma COP-a geri dönsə də, platformanı dağıtmaq yönündə fəaliyyətini davam etdirib. Bunun üçün fərqli metod seçib. ABŞ və Avropa dövlətləri COP platformasını nüfuzdan salmaq üçün nəzarətlərində olan “QHT” və “KİV”lərə, “hüquq müdafiə təşkilatları”na sifarişlər veriblər. Həmin sifariş COP29 üzərində reallaşdırıldı.

BMT Ətraf Mühit Proqramı (UNEP) üzrə açıqlanan hesabatlardan aydın olur ki, mövcud iqlim böhranının yaranmasında əsas səbəblərdən biri inkişaf etmiş dövlətlərin sənaye fəaliyyətidir. Bu sırada ABŞ öncül yer tutur. UNEP-in 2024-cü il üzrə “Emissiya Fərqi Hesabatı”nda (EGR) vurğulanır ki, “Amerika Birləşmiş Ştatları qlobal Co2 emissiyalarının 20 faizinə cavabdeh olan ən böyük emitentdir. Ondan sonra hər biri 12 faiz olmaqla Çin və Avropa İttifaqı ölkələri gəlir” ( https://azertag.az/xeber/bmt_nin_hesabatinda_iqlim_bohrani_beseri_felaket_adlandirilib-3297132 ). Siyahının yekununda görünür ki, ekoloji çirklənmənin 70 faizi inkişaf etmiş ölkələrin payına düşür.

COP platforması ekoloji tarazlığı pozan dövlətlər qarşısında öhdəliklər yaradır. Tələb budur ki, inkişaf etmiş dövlətlər ekoloji çirklənməyə yol açan müəssisələrin fəaliyyətini azaltsınlar. Paralel olaraq, indiyədək təbiətə vurduqları ziyan nəticəsində zərər görən ölkələrə yardım göstərsinlər. Ekoloji böhrandan əziyyət çəkən ölkələrə qrant formasında maliyyə yardımı versinlər. Düzdür, onlar bu formatda yardım göstərməyə hələ 2009-cu ildə, Kopenhagendə keçirilən COP sammiti çərçivəsində razılıq veriblər. Amma həmin razılaşma simvolik rəqəmlərlə ifadə olunur. 2020-ci ilə qədər iqlim problemlərinin həllinə 100 milyard dollar ödəməklə yaxanı kənar çəkiblər. Bu, iqlim böhranı üzrə effektiv mübarizə aparmaq üçün yetərli rəqəm deyil. O baxımdan 2015-ci ildə keçirilən növbəti sammit zamanı maliyyə mövzusu yenidən müzakirəyə çıxarılıb. Bakıda keçirilən COP29 sammiti isə bu öhdəliklərin sərtləşdirilməsi baxımından xüsusi önəm daşıyır. Ekoloji tarazlığın bərpası üçün ödənilən vəsaitin həcmini 1,3 trilyon dollara qaldırmağı təklif edir. Bu təklif qəbul olunarsa, ABŞ, Avropa İttifaqı ölkələri vurduqları ekoloji ziyanı aradan qaldırmaq üçün külli miqdarda vəsait ödəməlidirlər. Çünki BMT-nin Çərçivə Konvensiyasına əsasən, iqlim maliyyəsi daha çox 24 ölkə tərəfindən ödənilməlidir. Bu sırada ABŞ və Avropa İttifaqı dövlətləri ön sırada gəlirlər. Onlar ya vəsait ödəməlidirlər, ya da ödənişdən boyun qaçırıb bəşəriyyətin taleyi ilə oynadıqlarını etiraf etməlidirlər. COP29 sammitinə yanaşma göstərdi ki, onlar bu iki variantın heç birini seçmirlər. Çıxış yolunu COP platformasının nüfuzdan salınmasında görürlər. Təsir dairələrində olan KİV və QHT-ləri hərəkətə gətirərək gah COP29-u, gah da ev sahibi qismində Azərbaycanı tənqid edirlər. Yuxarıda COP29-a qarşı qarayaxma kampaniyası aparan KİV və QHT-lərin, təşkilatların adlarını qeyd etdik. Diqqət etsək görərik ki, onların hamısı ya ABŞ, ya da Avropa İttifaqına daxil olan dövlətlərin ərazisində fəaliyyət göstərirlər. Məntiq deyir ki, bu KİV və QHT-lərin, təşkilatların COP29-a qarşı qarayaxma kampaniyası aparmaları həm də bu məqamdan qaynaqlanır. ABŞ və Avropa uzun illərdir ki, dünyanı bu vasitələrlə dolandırır.

Qarayaxma kampaniyası çərçivəsində diqqət çəkən digər bir nüans da var. Belə ki, COP29 sammiti Cənubi Qafqaz üzərində geopolitik savaşın gücləndiyi, açıq müstəviyə keçdiyi bir dönəmə təsadüf edir. Qlobal Şimal ilə Qlobal Cənub arasında kəskin qütbləşmə istənilən halda Qərb ilə Şərqin qovuşduğu məkan olaraq Cənubi Qafqaz mövzusunu gündəmə gətirir. Hər iki qütb bizim regionu özünün təsir dairəsində görmək istəyir. Məqsədinə çatmaq üçün region dövlətlərinə təzyiq göstərir, təhdidlər yağdırırlar. Azərbaycan öz potensialından faydalanaraq, regionu bu savaşdan kənar tutmağa, bölgədə sülhü, sabitliyi qorumağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimində vurğuladı ki, Cənubi Qafqaz Qlobal Cənubla Qlobal Şimal arasında savaş alanı deyil. Əksinə, iki qütb arasında anlaşmaya nail olmaq üçün əlverişli məkandır. Prezident ideya olaraq irəli sürdü ki, Azərbaycan və onun yerləşdiyi region müxtəlif rakurslu beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilər.

Təbii ki, belə mövqe region üzərində məkrli planlar qurmuş geopolitik savaş oyunçularına xoş gəlmir. Azərbaycana təzyiq edirlər, ölkəmizi öz yolundan döndərməyə çalışırlar. COP29 sammiti üzərindən aparılan informasiya savaşı həm də ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı yönəlmiş təzyiq prosesidir. Onlar Azərbaycana qarşı təkcə yalançı təbliğat aparmaqla kifayətlənmirlər. Hədə-qorxu gələrək həm də real addımlar atırlar. Məsələn, Avropa İttifaqı, Avropa Şurası, ABŞ Dövlət Departamenti müstəvisində sanksiyalar tətbiq etməklə Azərbaycanı öz siyasətindən çəkindirməyə çalışırlar. COP29 sammitinin başlanmasına bir neçə gün qalmış ABŞ Konqresində, Avropa Parlamentində, Avropa Şurasının Parlament Assambleyasında müzakirələr açılması, Azərbaycanın insan haqları mövzusunda tənqid edilməsi, həbsdə olan “erməni əsirlərin” geri qaytarılmasının tələb olunması bu siyasətin bariz nümunəsidir.

Bakıda saxlanılan “separatçı liderlərin”, “erməni əsirlərin” COP29-a nə aidiyyəti var? Onlar nə üçün məhz sammit ərəfəsində azad edilməlidirlər? AŞPA, Avropa Parlamenti, ABŞ Konqresi bu məsələlər arasında necə bağ qurur? ABŞ Dövlət Departamenti hansı məntiqlə fikirləşir ki, “COP29 ərəfəsində Bakı ilə Yerevan arasında tələm-tələsik sülh sazişi mütləq imzalanmalıdır”. “Washington Post”, “France 24”, “Deutsche Welle” bu sualları araşdırmalı, öz sahiblərinə ünvanlamalı idilər, etmədilər. Heç bir araşdırma aparmadan Bakının üzərinə yeridilər.

Amma bu kampaniyanı aparanlar nəzərdən qaçırdılar ki, Azərbaycan artıq 20 il, 30 il öncəki durumda deyil. Onu hay-küylü kampaniyalarla hədələyib yolundan çəkindirmək mümkün deyil. Azərbaycan bənzər oyunları dəfələrlə ifşa edərək iflasa uğrada bilib. İndi daha güclüdür, qalib dövlətdir. Son qarayaxma kampaniyasına rəğmən, rəsmi Bakı həm özünü qorudu, həm də COP29-u uğurla yekunlaşdırdı. Bütün təzyiqlərə baxmayaraq, COP29 sammiti “Bakı Maliyyə Məqsədləri” sənədinin razılaşması ilə tamamlandı. Heç bir “separatçı lider” də azadlığa buraxılmadı.

Şəkil-2

Müşfiq Ələsgərli

Seçilən
13
apa.az

1Mənbələr