AZ

Milli Məclisin plenar iclasında » AzadMedia.az


2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan
qanun layihələri birinci oxunuşda qəbul edilib

Noyabrın 27-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. Hökumət üzvlərinin də iştirak etdiyi iclasda 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilib.
Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2025-ci il büdcələri ilə bağlı məsələlərin Milli Məclisin dünənki plenar iclasında başlayan müzakirəsinin davamında komitə sədri Zahid Oruc, deputatlar Ceyhun Məmmədov, Razi Nurullayev, Ramil Həsən, Bəxtiyar Əliyev, Jalə Əliyeva, Aydın Hüseynov, Rövşən Muradov, Mahir Süleymanlı, Arzuxan Əli-zadə, Səyyad Salahlı, Günay Ağamalı, Tənzilə Rüstəmxanlı çıxış ediblər.
Deputatlar çıxışlarında pensiyanın, əlilliyin, müavinətlərin və sosial ödənişlərin təyin olunması, əhalinin məşğulluğunun və peşə hazırlığının artırılması, özünüməşğulluq və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi, şəhid ailələrinin və qazilərin, o cümlədən həssas qrupdan olan insanların maddi rifah halının yaxşılaşdırılması kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Millət vəkilləri, həmçinin təmsil etdikləri bölgə və rayonlarda seçiciləri narahat edən məsələləri hökumət üzvlərinin diqqətinə çatdırıblar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə ətraflı aydınlıq gətirib. Bu sahədə görülən işlərlə bağlı faktları və statistik rəqəmləri səsləndirib.
Sonra “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.
Müzakirələrdə çıxış edən komitə sədri Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev, Fatma Yıldırım sənədlə bağlı öz qeyd və təkliflərini açıqlayıblar.
Milli Məclisin sədri Sahibə Qafarova çıxışlara münasibət bildirərək, müxtəlif məsələlərin təşviqi baxımından dinləmələrin, “dəyirmi masa”ların keçirilməsinin vacibliyini qeyd edib, ötən 4 il 7 ay ərzində parlamentdə bir çox mövzularda 41 dinləmənin təşkil edildiyini vurğulayıb.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddinin 285 manat məbləğində müəyyən edildiyini diqqətə çatdırıb. Komitə sədri artıq üç ildir ki, ehtiyac meyarının yaşayış minimumuna bərabər tutulduğunu qeyd edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, sənəddə 5 blokdan ibarət 75 dəyişiklik edildiyini söyləyib. Qeyd edilib ki, 28 dəyişiklik investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, 31 dəyişiklik vergi inzibatçılığı ilə bağlıdır, 5 dəyişiklik beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılmasına yönəlmiş istiqamətləri nəzərdə tutur, 11 dəyişiklik texniki və redaktə xarakteri daşıyır.
Nəzərə çatdırılıb ki, sənəddə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasına dair dəyişikliklərdə dövlət-özəl tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələri çərçivəsində xidmətlərin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılması və idarəedilməsi ilə əlaqədar layihələrin icrası ilə bağlı vergi azadolmalarının tətbiqi təklif edilir.
Bununla yanaşı, Azərbaycanda teatr və kino sənətinin, muzey və simfonik orkestr fəaliyyətinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştlərinin verilməsi, habelə bu sahədə dövriyyələrin şəffaflaşdırılması və gəlirliliyin artırılması məqsədilə Vergi Məcəlləsinə müvafiq dəyişikliklər təklif edilir.
Layihədə 01.01.2025-ci il tarixdə müddəti bitəcək kənd təsərrüfatı məhsullarının satışı üzrə ƏDV-nin ticarət əlavəsindən hesablanması rejiminin tətbiq olunması müddətinin daha 2 il müddətinə uzadılması təklif edilir.
Bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən mikrosahibkar fiziki şəxslərə münasibətdə ədalətli vergitutmanın tətbiq edilməsinin təmini məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Bildirilib ki, Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinin qüvvədə olan redaksiyasına əsasən, Azərbaycan ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib. Avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə müvafiq azadolmanın ölkə ərazisində avtobus istehsalına da şamil olunması təklif olunur.
Sənəddə tibb turizminin inkişafı və ölkəyə valyuta cəlb olunmasının stimullaşdırılması məqsədilə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə ƏDV tax-free rejimin tətbiqi təklif edilir.
Digər dəyişikliklərdə dövlət tərəfindən yaradılan sənaye məhəllələrinin istifadəsində olan torpaq sahələrinə və digər daşınmaz əmlaklara görə idarəedici təşkilatın və operatorun torpaq və əmlak vergisindən azad edilməsi nəzərdə tutulur. Torpaq icarəsinin ƏDV-yə cəlb edilməsinin istisna edilməsi məqsədilə Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə dəqiqləşdirici xarakterli dəyişiklik təklif edilir.
Habelə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınan qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların dəyərinin tam həcmdə gəlirdən çıxılan xərclərə aid edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.
Qanun layihəsində vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi ilə bağlı dəyişikliklərə dair bildirilib ki, növbəti ilin dövlət büdcəsi zərfi çərçivəsində nəzərdə tutulmuş islahatlardan biri də bazarlara nəzarətin təmin edilməsi ilə bağlıdır. Bu istiqamətdə təkliflər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlanıb.
Həmçinin, qiymətli daşların, qiymətli metalların və onlardan hazırlanmış məmulatların, mədəniyyət məhsullarının, habelə rəsmi reyestrdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qaydada qəbul edən şəxslərə maliyyə sanksiyasının tətbiqi ilə bağlı Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsinə müvafiq dəyişikliklər təklif edilir.
Sənəddə həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə 01.01.2025-ci il tarixindən tətbiqinin ləğvi təklif olunur.
Layihədə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində də bəzi dəyişikliklər nəzərdə tutulub. Belə ki, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi zamanı vergitutma obyektinin dəqiqləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Vergi ödəyiciləri arasında məmnunluq səviyyəsinin artırılması məqsədilə yeni tənzimetmə ilə bağlı müddəalar da əlavə edilir. Belə ki, vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşma müqaviləsi bağlanıldıqda fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə ödədikdən sonra sabit qəbz vergi orqanına müraciət etmədən bir iş günündən gec olmayaraq elektron qaydada vergi ödəyicisinin elektron kabinetinə göndəriləcək.
Bununla yanaşı, Məcəlləyə beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması istiqamətində, o cümlədən transmilli şirkətlər qrupuna daxil müəssisə tərəfindən bildirişin vergi orqanına təqdim olunması tələbinin müəyyən edilməsi və bu tələbin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi, nəzarət olunan xarici əməliyyatlar və müəssisələr üzrə tətbiq edilən sanksiyanın artırılması, transfer qiyməti ilə bağlı sənədləri və məlumatları vergi orqanının tələbi ilə vaxtında təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə bağlı dəyişikliklər, habelə bir sıra uyğunlaşdırma xarakterli düzəlişlər təklif olunur.
Müzakirələr zamanı komitə sədri Fazil Mustafa, deputatlar Fariz İsmayılzadə, Elnarə Akimova məsələ barədə öz fikirlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
Bildirilib ki, 2024-cü il yanvarın 1-dən etibarən vergi ödəyicilərinin kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı məhdudlaşdırılıb. Həmin tarixdən etibarən elektron kabinetə yalnız gücləndirilmiş elektron imza vasitəsilə daxil olmaq mümkündür. Lakin qanunun tətbiqi prosesində "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə etməklə fəaliyyət göstərən, habelə ölkə ərazisində sərnişin daşımalarını həyata keçirən şəxslərin gücləndirilmiş elektron imza əldə etməsi ilə bağlı bir sıra çətinliklər müəyyən edilib. Qeyd edilən vergi ödəyiciləri və vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi prosesinin asanlaşdırılması məqsədilə layihədə Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan vergi ödəyicilərinə münasibətdə vergi orqanı tərəfindən təqdim edilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq hüququ 2025-ci il yanvarın 1-dən etibarən bərpa edilir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə də baxılıb. Sənədi təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.3-cü maddəsinə görə hazırda dövriyyəsindən asılı olmayaraq, bütün ƏDV ödəyiciləri, həmçinin ictimai iaşə fəaliyyəti ilə məşğul olan və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyən vergi ödəyiciləri təqvim ayı ərzində otuz min manata qədər nağd ödənişlər həyata keçirə bilərlər. Sadələşdirilmiş vergi ödəyiciləri, həmçinin ƏDV ödəyicisi olmayan mənfəət və ya gəlir vergisi ödəyiciləri üçün aylıq olaraq on beş min manat nağd ödəniş limiti müəyyənləşdirilib.
Qeyd olunub ki, nağd hesablaşma limitləri ilə bağlı qanunvericiliyin mövcud ictimai münasibətlərə uyğunlaşdırılması, vergi ödəyiciləri tərəfindən nağd qaydada aparılmasına icazə verilən aylıq hesablaşmalar üzrə limitin artırılması məqsədilə hazırlanan qanun layihəsinə əsasən, bütün ƏDV ödəyiciləri, həmçinin ictimai iaşə fəaliyyəti ilə məşğul olan və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyən vergi ödəyiciləri tərəfindən ay ərzində aparılmasına icazə verilən nağdsız hesablaşma limiti onların satış dövriyyəsindən asılı olaraq, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi həcmində müəyyən edilir.
Layihənin qəbul edilməsi nəticəsində vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində nağd qaydada aparılmasına icazə verilən hesablaşmaların məbləğinin artacağı və bunun həmin vergi ödəyicilərinin maliyyə əməliyyatlarının çevikliyinə müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumatı diqqətə çatdırıb.
Bildirilib ki, qanun layihəsi Vergi Məcəlləsinin 150.6-cı maddəsinə uyğunlaşma məqsədilə hazırlanıb. Belə ki, Vergi Məcəlləsinin 150.6-cı maddəsinə əsasən, vergi ödəyiciləri Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, yaxud vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə həmin Məcəllədə göstərilən ümumi müddətlərdən gec olmamaq şərtilə 30 gün müddətində ödəmə mənbəyində tutulan vergilər barədə vergi orqanına bəyannamə verməyə borcludurlar.
Vahid bəyannamə dörd hesabatın (gəlir vergisi, işsizlik, tibbi və sosial sığorta) birləşməsindən ibarət hesabat forması olduğundan, həmin tədiyyələr üzrə hesabatların verilmə müddətlərinin aidiyyəti qanunlarda ("Sosial sığorta haqqında", İşsizlikdən sığorta haqqında" və "Tibbi sığorta haqqında") tənzimlənməsi və Vergi Məcəlləsinin 150.6-cı maddəsinə uyğunlaşdırılması təklif olunur.
Sənəddə, həmçinin həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə 1 yanvar 2025-ci il tarixindən tətbiqinin ləğvi təklif edilir. Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə ləğvi nəticəsində dövlət büdcəsinin və Dövlət sosial müdafiə fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı rəhbərlik etdiyi komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra spiker Sahibə Qafarova gündəliyin 10-cu məsələsi olan “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim etmək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova söz verib.
Komitə sədri bildirib ki, layihədə 3 istiqamət üzrə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulur. Birinci istiqamət dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr üzrədir. İkinci istiqamət bərpa olunan enerji istehsalı layihələri ilə bağlıdır. Üçüncü istiqamət yerli avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə ölkə ərazisində avtobus istehsalına gömrük güzəştlərinin verilməsi ilə bağlıdır. Bu məqsədlə təsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumundan azad edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son 2 məsələsi Milli Məclisin qərar layihələridir. Bunlar Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası haqqında qərar layihələridir.
Spiker diqqətə çatdırıb ki, həmin qərar layihələri bu gün müzakirə olunacaq, lakin bu iki məsələ bu gün yox, Büdcə zərfinə daxil olan sənədlər üçüncü oxunuşda təsdiqlənən zaman onlarla birlikdə qəbul ediləcək. Parlamentin sədri Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında məlumat vermək üçün sözü Milli Məclisin işlər müdiri Firudin Hacıyevə təqdim edib.
Milli Məclisin işlər müdiri Firudin Hacıyev bildirib ki, 2025-ci ilin dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanılması üçün 51 milyon 851 min 447 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 76,22 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. Milli Məclisin işlər müdiri parlamentin inzibati binasının saxlanılması, mühəndis qurğularına və digər avadanlıqlara xidmətin göstərilməsi, habelə Milli Məclisin qanunvericilik və təmsilçilik fəaliyyətinin, parlament tərəfindən keçirilən beynəlxalq səviyyəli tədbirlərin təminatı kimi məsələlər üzrə cari ildə görülən və növbəti ildə planlaşdırılan işlər barədə məlumat verib.
Məsələ ilə bağlı komitə sədri Siyavuş Novruzov, deputatlar Gülşən Paşayeva və Elşad Musayev fikirlərini bildiriblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası haqqında məlumat vermək üçün sözü Hesablama Palatasının sədri Vüqar Gülməmmədova təqdim edib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, palatanın 2025-ci il üçün xərclər smetası 11,5 milyon manat məbləğində nəzərdə tutulur. O, palatanın növbəti il üçün nəzərdə tutulmuş xərc istiqamətləri barədə məlumat verib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Seçilən
17
4
azadmedia.az

5Mənbələr