AZ

Birinci Dünya müharibəsinin Yaxın Şərq və Qafqaz meydanı – konfrans

AMEA-nın A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Birinci Dünya müharibəsinin Yaxın Şərq və Qafqaz meydanı: Osmanlı dövlətinin savaşa qatılmasının 110 illiyi” mövzusunda konfrans keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, konfransda çıxış edən elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev Birinci Dünya müharibəsi dövründə Azərbaycanın iri dövlətlərin maraq dairəsində olduğunu diqqətə çatdırıb. “Bu müharibəyə iki ittifaqda birləşən dövlətlər qoşulmuşdu. Azərbaycan da Birinci Dünya müharibəsinə cəlb olunmuşdu. Bu, Şimali Azərbaycanın Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Əlverişli coğrafi mövqeyi, yeraltı, yerüstü sərvətləri olan Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Bəzi məlumatlara görə, Birinci Dünya müharibəsi cəbhələrində 200-dək azərbaycanlı zabit olub. Onların sayının daha çox olduğu ehtimal edilsə də, lazımi statistika olmadığı üçün həmin zabitlərin hamısının xidmət yolunu izləmək mümkün deyil. Lakin əldə olan faktlar azərbaycanlıların hərbi istedadını və bacarığını bir daha nümayiş etdirir”, - deyə İlqar Niftəliyev qeyd edib.

Konfransda “Birinci Dünya müharibəsində iki hərbi blokun qarşıdurmasında Osmanlı dövlətinin yeri və rolu”, “Birinci Dünya müharibəsi ərəfəsində Rusiya imperiyasının Şərqi Anadoluda ermənilərin xeyrinə islahatlar keçirilməsi üçün göstərdiyi cəhdlər”, “Almaniya-Osmanlı münasibətlərində ikili siyasət”, “Birinci Dünya müharibəsi və Anadoluda Mücadilə hərəkatı (Azərbaycan Cümhuriyyəti ziyalılarının əsərləri əsasında)”, “Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətinin Qafqaz cəbhəsi Türkiyə mənbələrində”, “Birinci Dünya müharibəsinin Azərbaycanın ictimai-siyasi həyatına təsiri”, “Osmanlı imperiyasının Birinci Dünya müharibəsində iştirakı Azərbaycan mətbuatında” və digər mövzularda məruzələr dinlənilib.

 

Seçilən
23
tehsil.biz

1Mənbələr