AZ

Bakıda kişi başqası ilə intim söhbət edən arvadını öldürdü – Hökm

Bakının Sabunçu rayonunda arvadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Nurəddin Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ittihama görə, bu ilin mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, Nurəddin Məmmədov aprelin 28-də yaşadığı Ramana qəsəbəsi ərazisindəki evində olarkən arvadı Ayşən Məmmədovanın naməlum şəxslə "Whatsapp"la görüntülü danışdığını görüb. O arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edib.

Bundan hiddətlənən Nurəddin telefonu arvadının əlindən alıb və onun başına vurub. Həmin vaxt mətbəx bıçağını götürərək bıçağın dəstəyi ilə Ayşənin təpə nahiyyəsindən bir dəfə zərbə yetirib.

Daha sonra Nurəddin mayın 5-də evə gəlib və arvadı Ayşənin yataq otağında “Whatsapp”la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları görüb.

Nurəddin Ayşənin ona xəyanət etməsindən əmin olub. O, arvadı ilə mübahisə edə-edə mətbəx otağına daxil olub. Orada qəflətən hər iki əli ilə boğazından tutaraq yerə yıxıb və boğaraq öldürüb.

İstintaq orqanı tərəfindən Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov
Seçilən
10
teleqraf.com

1Mənbələr