Qusar şəhərindəki mərkəzi bazarda kənd yumurtasının ədədi nə az, nə çox 50 qəpiyə satılır.
Bizim.Media-nın yerli bürosuna danışan satıcı qadının sözlərinə görə, yumurtaları kənddən 45 qəpiyə alır.
Toyuqların yumurtlama dönəmi zəif olduğu üçün məhsul az olur, qiymət isə yüksək.
Qusar bazarının digər yerlərində yumurtanın alverçilər tərəfindən 50 qəpiyə satıldığını da müşahidə etdik. Müqayisə üçün qeyd edək ki, Qusarda mağazalarda broyler yumurtaları 18-19 qəpiyə satılır.
Araşdırmalarımız zamanı öyrəndik ki, qonşu Quba və Xaçmaz rayonlarında kənd yumurtası Qusarla müqayisədə bir qədər ucuzdur, həmin bazarlarda 40 qəpiyə satılan yumurta Qusarda alıcılara 50 qəpiyə təklif edilir.
Məsələ ilə bağlı Qusar Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən açıqlamada bildirilib ki, hazırda ev yumurtasının baha olması qıtlıqla əlaqəlidir:
“Noyabr-dekabr aylarında toyuqlar bioloji xüsusiyyətlərinə görə çox az yumurtlayır. Kənd yumurtasının 50 qəpiyə satılmağının digər səbəbi isə kəndlilərin toyuq yeminin kiloqramını 50 qəpiyə, kambinə olunmuş digər yemlərin kiloqramını isə 1,2 – 1,5 manata almasıdır. Bazardan bu yemləri baha alan təsərrüfat sahibləri yumurtanı da baha qiymətə satır. Yeni ilin ilk ayından sonra-günlər uzandıqca toyuqların yumurtlama dövrü aktivləşəcək və yaza doğru qiymətlər enməyə başlayacaq”.
Hələliksə həkimlərin tərkibindəki zülala görə səhərlər qəbul etmələrini məsləhət gördüyü kənd yumurtasının stabil qiyməti 50 qəpik olaraq qalır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta