AZ

Yeni ildə bayram günlərində işləyənlərə kompensasiya ödənilməlidirmi?

Yeni ildə 7 gün ardıcıl iş olmayacaq. Belə ki, iş və istirahət günlərinin yerləri dəyişdirilib.  Bu barədə Nazirlər Kabineti qərar verib.
 
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 2024-cü il dekabrın 30 və 31, eləcə də 2025-ci il yanvarın 1, 2, 3, 4 və 5-i qeyri-iş günləri olacaq. Bəs görəsən qeyri iş günləri işə çıxan işçilərə hansı kompensasiya  ödənilməlidir? 
 
 
 Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışdı. 
 
"Əmək Məcəlləsində nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.  Müstəsna hal dedikdə dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi, bundan başqa, su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək, həmçinin fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və və digər xidmət müəssisələrinin fəaliyyəti nəzərdə tutulur. 
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
- əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
- əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
 
Qanunvericiliyin tələbinə görə, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə yol verilmir.
Yaşı 18-dən az olan işçiləri istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi qadağandır.
3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir.
 
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işlərə işçilər müəssisə rəhbərinin əmri ilə cəlb olunurlar. Əmrdə bayram və ya istirahət günü, müəssisənin bölməsi, bayramvə istirahət günü işin səbəbləri, işçilərin siyahısı və əlavə əmək haqqı barədə məlumat qeyd olunur".
Seçilən
2
1
moderator.az

2Mənbələr