AZ

Ankarada “Şirvanşahların minilliyi” kitabının təqdimatı olub

Noyabrın 28-də Ankarada Türkiyə Milli Kitabxanasının binasında “Şirvanşahların minilliyi” (Şirvanşahlar`ın Bininci Yılı) kitabının təqdimat mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyində Azərbaycan Mədəniyyət Mərkəzinin səyləri ilə təşkil olunan tədbirdə iki qardaş ölkənin diplomatları, alimləri, ekspertləri, beynəlxalq təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan Türkiyə Milli Kitabxanasının baş direktorunun müavini Mehmet Demir Şirvanşahlar dövlətini türk dünyasının mədəni-tarixi irsinin mühüm tərkib hissəsi adlandırıb. O, Türkiyə Milli Kitabxanasının iki qardaş ölkənin yaxınlaşmasına, onlar haqqında reallıqların təbliğinə verdiyi töhfədən məmnunluğunu ifadə edib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Şirvanşahlar dövlətinin minillik tarixinin zənginliyinə diqqət yönəldib. Onun sözlərinə görə, Şirvanşahlar dövləti regionun tarixində dərin iz qoyub, Azərbaycan xalqının mədəniyyətinin və adət-ənənələrinin inkişafına töhfə verib. Şirvanşahlar dövründə görkəmli mütəfəkkirlər, şairlər, dövlət xadimləri yaşayıb-yaratmışlar. Onların xatirəsi bu gün də yaşamaqdadır.

Diplomat Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın, o cümlədən Şirvanşahlar dövləti dövrünə aid mədəni-tarixi irs obyektlərinin qorunması və bərpasına verdiyi töhfəni vurğulayıb.

Diplomatik missiyanın rəhbəri “PAŞA Həyat Sığorta” şirkətinin rəhbərliyinə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı türk dilində kitabların nəşri ilə bağlı təşəbbüslərini dəstəklədiklərinə görə təşəkkür edib və “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının Şirvanşahlar dövləti haqqında yeni kitabın hazırlanmasına verdiyi töhfəni yüksək qiymətləndirib..

R.Məmmədovun sözlərinə görə, Azərbaycan irsinin təbliğinə yönəlmiş nəşrlər turizm sektorunun inkişafı üçün də təkandır.

Daha sonra çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycan irsinin təbliği istiqamətində səyləri öz borcu adlandırıb. “Biz ölkəmizin zəngin tarixinin unudulmasına imkan verməməliyik”, - deyə o, qeyd edib ki, “PAŞA Həyat Sığorta” təkcə Azərbaycanın sığorta bazarının liderlərindən deyil, həm də Azərbaycan mədəniyyətinin və irsinin təbliğinə yönəldilən çox sayda proqram və layihələrin sponsorudur.

“Biz Azərbaycanın dünyada, o cümlədən Türkiyədə tanıdılmasına yönəlmiş proqram və layihələri dəstəkləməyə davam edəcəyik”, - deyə İdarə Heyətinin sədri əmin edib.

Sütçu İmam Universitetinin (Kahramanmaraş) professoru Toğrul İsmayıl min illik Şirvanşahlar dövlətinin inkişaf mərhələləri haqqında məlumat verib. O qeyd edib ki, min illik Şirvanşahlar dövlətini dünyada ilk müsəlman türk dövləti adlandırmaq olar. “Şirvanşahlar dövləti türk xalqlarının ortaq irsinin mühüm daşıyıcılarından biridir”, - deyən İsmayıl Azərbaycan tarixinin belə əlamətdar dövründən bəhs edən kitabın təqdimatından məmnunluğunu ifadə edib.

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı AZƏRTAC -ın müxbiri ilə söhbətində Azərbaycanla bağlı növbəti kitabın türk dilində nəşrini iki xalqın bir-birinə yaxınlaşması və qardaş ölkə ictimaiyyətinin Azərbaycan xalqının irsi haqqında məlumatlandırılması istiqamətində mühüm mərhələ adlandırıb. “Ölkələrimizin mədəniyyətinin və tarixinin gənclər arasında təbliğini xüsusilə vacib hesab edirəm”, - deyə o, vurğulayıb.

M.Mərcanlı qeyd edib ki, “Şirvanşahların minilliyi” kitabı “PAŞA Həyat Sığorta”nın dəstəyi ilə nəşr olunan türk dilində kitablar silsiləsindən dördüncüdür. Bu, 30-dan çox kitabdan ibarət İRS seriyasının davamıdır.

Onun sözlərinə görə, hazırda Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı yeni nəşrlər hazırlanır. “İRS jurnalı türk xalqlarının ortaq irsinin təbliğinə yönəlmiş layihə həyata keçirməyi planlaşdırır”, - deyə o, əlavə edib.

Seçilən
28
1
sia.az

2Mənbələr