Gürcüstan hakimiyyəti Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər gündəliyə gətirməyəcək.
Senzor.az bildirir ki, bu barədə Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının ofisində keçirdiyi brifinqdə məlumat verib.
Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması Gürcüstanı təhdid etmək üçün alət kimi istifadə olunur. Bu cür təhdidlər Gürcüstana namizədlik statusu məsələsində də edilib.
“Avropa İttifaqına inteqrasiyanın mərhəmət kimi müzakirə olunması qətiyyən yolverilməzdir" - deyə, Kobaxidze vurğulayıb.
Baş nazir Avropa Parlamentini Gürcüstanla bağlı qətnaməyə görə sərt tənqid edib. Xatırladaq ki, Avroparlament qəbul etdiyi qətnamədə Gürcüstanda keçirilən parlament seçkilərini tənqid edərək təkrar səsvermənin keçirilməsinə çağırıb.
Bundan başqa, Avropa Parlamenti demokratiya standartlarına əməl olunmayacağı təqdirdə Avropa İttifaqını Gürcüstan vətəndaşları üçün vizasız rejimi yenidən nəzərdən keçirməyə çağırıb. Qətnamə 444 "lehinə", 72 "əleyhinə" və 82 "bitərəf" səslə qəbul edilib.
İ. Kobaxidzenin açıqlamasından dərhal sonra hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının mərkəzi ofisinin, parlament binasının qarşısında minlərlə insan toplaşıb.
Aksiyanın keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Paytaxtla yanaşı, Kutaisi və Batumidə də etiraz aksiyaları başlayıb.
Senzor.az