AZ

Bakıdan Çinə ilk qatar yola salındı

Bu yaxınlarda Azərbaycan – Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmir yolu nəqliyyatı ilə Çinə yola salınıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, bu hadisə iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirir.

Belə ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, əks istiqamətə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan verir. İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək nümayəndə heyəti, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı, Çinin Sian Çanba Beynəlxalq Limanının İdarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak ediblər.

Qeyd edək ki, “Bakı – Sian” ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Siana çatdırılacaq. Cari ilin sonunadək layihə çərçivəsində ilkin olaraq, ümumilikdə, 15 min ton, yəni 600 konteyner ixrac yükünün sözügedən marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.

Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok qatarı isə bu ilin əvvəlində yola salınıb. İlin sonuna kimi Uzaq Şərq ölkəsindən Azərbaycana bu marşrut üzrə 300-dən çox konteyner blok qatarının göndərilməsi nəzərdə tutulub. Gələn il üçün isə blok qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.

 

Seçilən
1
16
xalqqazeti.az

10Mənbələr