AZ

Gürcüstanda gərginlik: müxalifət bu günə mitinq TƏYİN EDİB

Gürcüstanda hakimiyyətin 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlardan imtina etməsi kütləvi etirazlara səbəb olub.

Modern.az xəbər verir ki, Gürcüstan iqtidarının qərarına etiraz edən insanlar ötən gecə Tbilisi küçələrinə çıxıblar.
Tbilisinin mərkəzində küçələrə çıxan insanlarla polis və xüsusi təyinatlılar arasında gərginlik yaşanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, müxalifətin etiraz aksiyasının dağıdılmasından sonra yaralanan üç polis əməkdaşından ikisi xəstəxanaya yerləşdirilib.

Nazirlik bəyan edib ki, ötən gecə parlamentin yaxınlığında keçirilən aksiya mitinq və nümayişlər haqqında qanunla müəyyən edilmiş normalardan kənara çıxıb və bu səbəbdən polis qanuni tədbirlər görüb, xüsusi vasitələrdən istifadə edib.

“Georgia News” portalının məlumatına görə, gecə saatlarında polis gözyaşardıcı qazdan istifadə etməyə başlayıb və nəticədə bəzi etirazçılar huşlarını itiriblər.

Bir müddət sonra Gürcüstan Xarici İşlər Nazirliyinin 78 əməkdaşının hökumətin ölkənin Avropa İttifaqına üzvlüyünün dondurulması ilə bağlı qərarına qarşı bəyanat imzaladığı barədə xəbər yayılıb.

Bir az sonra xüsusi təyinatlılar aksiyanı dağıtmağa, o cümlədən su şırnaqları ilə Gürcüstan parlamentinin qarşısındakı ərazini təmizləməyə başlayıblar. Daha sonra nümayişçilərin kütləvi həbsləri başlayıb, xəsarət alanlar barədə məlumatlar daxil olub.

Bundan sonra müxalifət partiyaları bu gün üçün Rustaveli prospektində saat 19:00-da başlamalı olan yeni mitinq elan ediblər.

Seçilən
13
5
modern.az

4Mənbələr