AZ

AQC sədrinin fəaliyyəti beynəlxalq qiymətləndirmə təşkilatları tərəfindən yüksək qiymətləndirilib




Beynəlxalq qiymətləndirmə təşkilatlarının rəhbərləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruca qiymətləndirmə sahəsindəki fəaliyyətlərinə görə təşəkkür məktubları göndərib.

Newscenter.az xəbər verir ki, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçeci , Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyasının sədri Svetlana Yurenya, Şimali Kipr Daşınmaz Əmlak Qiymətləndirmə Mütəxəssisləri Birliyinin başqanı Kutay Ramiz tərəfindən göndərilən məktublarda Vüqar Oruca Azərbaycan Qiymətləndiricilər Palatasına seçkilərdə dəstək ifadə olunub.

“Sizin fəaliyyətiniz Azərbaycan Respublikasında qiymətləndirmə sahəsinin inkişafında əhəmiyyətli rol oynayır. Sizin rəhbərliyiniz sayəsində Azərbaycan qiymətləndiriciləri haqqında məlumat təkcə Belarusda deyil, həmçinin Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyası, Türkiyə və Özbəkistanda da yayılmışdır”, – deyə məktubda bildirilib.

Şimali Kipr Daşınmaz Əmlak Qiymətləndirmə Mütəxəssisləri Birliyinin başqanı Kutay Ramiz da Vüqar Oruc tərəfindən CAATS-ın qurulması, türk dövlətlərinin qiymətləndirmə sahəsində birgə fəaliyyət göstərməsi istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini ifadə edib.

“Sizin liderliyinizlə türk dövlətləri arasında peşəkar fəaliyyətlər baxımından əməkdaşlığın daha da artacağına tam bir inancımız var. Eyni zamanda Azərbaycanda qiymətləndirmə peşəsinin qanuni olaraq da layiq olduğu yeri tapması üçün öz fəaliyyətinizi ortaya qoyduğunuzu bilirik və qısa müddətdə Azərbaycan Qiymətləndiricilər Palatasının qurulacağını məmnunluqla qarşılayırıq. İstər türk dövlətlərinin peşəkar birlikləri arasında əlaqələrin inkişaf etdirilməsi, istərsə də Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi sahəsinin inkişafı üçün həyata keçirdiyiniz fəaliyyətlər səbəbilə Sizə təbrik və təşəkkürlərimizi çatdırır, həyata keçirəcəyiniz gələcək fəaliyyətlərinizdə uğurlar diləyirik”, -deyə K.Ramiz qeyd edib.
Qeyd edək ki, Vüqar Oruc 2022-ci ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, bu ilin may ayından isə Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının (CAATS) prezidentidir. 30 noyabr tarixində keçiriləcək Azərbaycan Qiymətləndiricilər Palatasının təsis toplantısında rəhbəri olduğu qurum tərəfindən Vüqar Orucun palatanın sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

Süleyman
Seçilən
1
5
newscenter.az

6Mənbələr