AZ

Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR

Yaxın günlərdə futbol əfsanələri Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gələcək.

Dekabrın 11-də onların Bakı Kristal Zalında pərəstişkarları ilə xeyriyyə tədbirində görüşü olacaq. Eyni zamanda, Messinin futbol həyatını və mübarizəsini əks etdirən film də təqdim olunacaq.

Tədbirdə konsert proqramı da nəzarətdə tutulub. Dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam və məşhur “Morandi” qrupu çıxış edəcək.

Təşkilatçılar bilet satışından əldə olunan vəsaitin xeyriyyə məqsədilə yönəldiləcəyini bildirirlər.

Publika.az-ın əldə etdiyi məlumata görə, Messi və digər dünya ulduzlarını Azərbaycana səfərini xaricdə yaşayan, iş adamı kimi təqdim olunan, SOCAR-ın "qara kasiri" kimi tanınan Adnan Əhmədzadə təşkil edir. O, Messinin və onun "İnter Mayami"dəki komanda yoldaşlarının Bakıya gəlişinə görə əməlli xərcə düşüb. Söhbət 2 milyon avrodan gedir. Onlara Bakıda olduğu müddətdə çəkiləcək xərcləri, göstəriləcək xidmətləri və veriləcək qiymətli hədiyyələri nəzərə alsaq, bu məbləğin daha 1 milyon avro artma ehtimalı var. Üstəlik, konsert proqramına da xeyli xərc çəkiləcək. Bu o deməkdir ki, Messi və dostlarının gəlişi 3 milyon avroya başa gələcək.

Bakı Kristal Zalının tamaşaçı tutumu 25 min nəfərdir. 2 saat davam edəcək tədbirin biletlərinin qiyməti 10-50 AZN arasında olacaq. Bu o deməkdir ki, şou-proqramdan əldə ediləcək vəsait maksimum 600-700 min manat civarında olacaq. Deməli, tədbirin qazancı Messi və dostlarının xərclərini qarşılamayacaq.

Bəs bu şou Adnan Əhmədzadəyə niyə lazımdır? O, buradakı nüfuzunu və gücünü artırmaq istəyir. Eyni zamanda bunun fonunda Azərbaycandakı biznes imperiyasını böyütməyi planlaşdırır. Onun yaxın vaxtlarda Azərbaycan futboluna qoşulmaq və klub sahibi olmaq kimi planları da var. Bütün bu məsələlərdə irəliləyişə nail olmaq üçün ona "xeyriyyə tədbiri" yox, Messi vasitəsilə reklamı lazımdır. Adnan Əhmədzadənin "xeyriyyəçilik"lə məşğul olmaq kimi niyyəti olsaydı, 3 milyon avronu elə lazımı istiqamətdə xərcləyərdi. Daha şou üçün 3 milyon avro xərcləyib, xalqdan 600-700 min manat yığmazdı. Bir sözlə, Messinin və dostlarının astarı üzündən baha başa gələn səfəri "xeyriyyə" tədbiri yox, kimlərinsə piarıdır. Bəs o piara xərclənən milyonlar kimindir?

Seçilən
33
2
turkustan.az

10Mənbələr