AZ

OCCRP COP29-a qarşı mübarizəni Amerika kəşfiyyatının materialları əsasında apardı...

Image

Abutalıb Səmədov: "Azərbaycana qarşı bütün dünyanı əhatə edən kampaniya başladı və bu kampaniyanın ən qızğın vaxtında COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edildi"

Dünyada sensasiyalı araşdırmaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi – OCCRP-nin bir çox qalmaqallı yazılarını oxuyanda aydın görünür ki, bunlar jurnalist araşdırmasından daha çox mükəmməl işlənmiş kəşfiyyat məlumatlarına oxşayır. 

Hətta bir çox dövlətlərin kəşfiyyat orqanları belə yazılarda istifadə edilən məlumatlara çıxış əldə edə bilmir. OCCRP Fransanın “Mediapart”, İtaliyanın “Il Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrləri ilə birgə araşdırmalar aparır. Bu qurumların məlumat və informasiya mənbələri eynidir. OCCRP və onun ətrafında olan media qurumları ABŞ, Fransa, İtaliya  və digər Avropa ölkələrinin kəşfiyyat məlumatları əsasında araşdırmalar hazırlayır və dərc edir. Necə deyərlər, musiqini sifariş edən pulunu ödəyir. Bu araşdırmalar yuxarıda adı çəkilən ölkələrin rəqiblərinə qarşı bir silah kimi istifadə edilir. Necə olur ki, ofşor zonalardaki iqtisadi cinayət hadisələri yalnız ABŞ və Avropa ölkələri ilə müəyyən ziddiyyətləri olan "ölkələrdən çıxır"? Məgər ABŞ və Avropa ölkələrindən ofşor zonalara investisiya qoyan və cinayət yolu olə pul qazanan sahibkarlar yoxdurmu? Əlbəttə, onların sayı ikinci və üçüncü dünya ölkələrinin vətəndaşlarından bir necə dəfə çoxdur. Lakin nədənsə, OCCRP yalnız ofşor zonalarda ABŞ və Avropa ölkələri ilə rəqabət aparan dövlətlərin vətəndaşlarına məxsus investisiyaları və iqtisadi cinayətləri araşdırır.

Kəşfiyyat məlumatları əsasında hazırlanmış, əksəriyyəti ehtimallar və fərziyyələrdən ibarət, həqiqətlə heç bir əlaqəsi olmayan “araşdırma"lara həmin ölkələrdən olan jurnalistlərin imzası qoyulur ki, araşdırma cəmiyyət tərəfindən inandırıcı görünsün. Lakin həmin jurnalistlərə həmkar kimi sual edəndə ki, bu faktları hardan almısan, axı bu məlumatlar açıq mənbələrdə yoxdur, cavab sadə olur ki, onun "xüsusi üsulları var".

Onu da qeyd edək ki, əksər hallarda qalmaqallı arasdırmalara yerli jurnlaistlərin imzası qoyulur və yalnız buna görə onlara "zəhmət haqqı" ödənilir.

OCCRP Cənubi Qafqazda Azərbaycanı əsas hədəf kimi seçib, ölkənin daxili işlərinə çəkinmədən qarışır və Ermənistan maraqlarının müdafiəçisi kimi çıxış edir. 

OCCRP USAİD-in ermənipərəst rəhbəri Samanta Pauer tərəfindən “tərəfdaş qurum” hesab olunur. Hazırda OCCRP-nin əməliyyatlarına USAID əməkdaşı Şennon Maquayrin nəzarət edir.

OCCRP COP29 dövründə ABŞ Dövlət Departamenti tərəfindən aldığı sifarişlər əsasında Azərbaycanı qaralayan silsilə məqalələr hazırlayıb. OCCRP-nin hazırladığı həmin qarayaxma xarakterli məqalələr mütəmadi olaraq BBC, Amerikanın Səsi, Vaşinqton Post, Guardian, CNN və s. bu kimi nəşrlərdə dərc edilib və hazırda da dərc edilməkdədir.

Maraqlıdır, ABŞ və Avropa ölkələri Azərbaycana qarşı bu miqyasda informasiya müharibəsi cəbhəsi açmaqla nə etmək istəyir?

Politoloq Abutalıb Səmədov baki-xeber.com-un sualına cavabında bildirdi ki, Azərbaycanı ABŞ və Avropa ölkələrinin kəşfiyyat orqanlarının Cənubi Qafqazda hədəf kimi götürməsinin səbəbi hec birimizə sirr deyil: "Azərbaycanın son illər apardığı müstəqil siyasət və qazandığı uğurlar onları narahat edir, onlar bunu istəmir. Ona görə də bu vəziyyəti dəyişmək üçün əllərindən gələni edirlər. Ərazilərimizin 30 ilə yaxın erməni işğalı altında olması, sonradan Qarabağda Ermənistanın 10 mindən çox əsgərinin yerləşdirilməsi və Azərbaycan ərazilərini tərk etmək istəməməsi, Qarabag ermənilətinin ən xırda güzəştlərdən belə imtina etmələri Azərbaycanı məcbur etdi ki, kəskin addımlar atsın. Əvvəlcə müəyyən mədənlərdə monitorinq keçirmək təklifi irəli sürüldü. İmkan vermədilər və düşündülər ki, Azərbaycanın sərvətlərini bu cür rahat şəkildə dağıda bilərlər. Lakin onlar Azərbaycan cəmiyyətinin və hakimiyyətinin atacağı addımları düzgün hesablaya bilmədilər. Monitorinqə icazə verilmədiyinə görə Azərbaycan Laçın dəhlizini nəzarətə götürdü. Bundan sonra dünyada böyük hay-küy qalxdı. Beynəlxalq Cinayət Məhkəməsi qarar qəbul elədi ki, Laçın dəhlizi dərhal açılmalıdır. Qarabağ erməniləri Ağdam yolu ilə gələn yardımları qəbul etmək istəmədilər. Müxtəlif oyunlardan çıxaraq, Azərbaycanın Qarabağ üzərində suverenliyinə imkan vermədilər. Amma biz bu hədəfimizə nail ola bildik - antiterror əməliyyatı keçirildi və Azərbaycanın bütün ərazilərində suverenliyimiz təmin edildi. Baxmayaraq ki, 4-5 gün əvvəl Amerika Senatındakı dinləmələrdə ABŞ-nin yüksək rütbəli məmuru "biz buna imkan verməyəcəyik" demişdi. Ancaq bunun qarşısını ala bilmədilər. Bundan sonra Azərbaycana qarşı bütün dünyanı əhatə edən kampaniya başladı və bu kampaniyanın ən qızğın vaxtında COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Bu da onlar üçün gözlənilməz idi.

Onlar COP29-un uğursuz keçməsi üçün əllərindən gələni etdilər. Bizim bəzi "həmvətənlərimiz" də onlara yardımçı oldular. Yenə arzularına çata bilmədilər, COP29 son illərin ən uğurlu konfranslarından biri oldu. Konfransda tarixi qərarlar qəbul edildi. İqlim dəyişmələrindən zərər çəkən ölkələrə 100 milyard dollar yardım etmək öhdəliyi götürən ölkələr Azərbaycanın təkidi ilə bu konfransda həmin məbləği 300 milyard dollara qaldırmalı oldular. Bu, perspektivdə də Azərbaycanın müstəqil siyasət yürüdəcəyinə əsas verir. Bu da Qərbi qorxudur.

Gürcüstanda baş verənlər də göstərir ki, Qərb nəyin bahasına olursa-olsun, Cənubi Qafqaza nəzarəti ələ keçirmək istəyir. Artiq Ermənistan öz istiqamətini müəyyən edib, Qərbə böyük sürətlə yaxınlaşır. Bir zamanlar Gürcüstan da bu xətti tutmuşdu və uzun illərdən sonra belə nəticəyə gəlindi ki, Qərbə yaxınlaşmaq Gürcüstana öz ərazi bütövlüyünü təmin etməyə imkan verməyəcək. Ona görə də Gürcüstan Qərbdən uzaqlaşmağa başladı. Bu gün Gürcüstanda baş verən hadisələr günu-gündən şiddətlənir. Çünki ABŞ və onun Avropadakı müttəfiqlari öz məqsədlərinə nail olmaq üçün hər şeyi etmək əzmindədirlər. Amma bir məsələ var ki, Cənubi Qafqaza nəzarəti ələ keçirmək üçun mütləq Azərbaycanın da Qərbyönümlü siyasət yürütməsinə, Qərbin istədiyi kimi davranmasına ehtiyac var. Azərbaycan Qərbin istəklərini icra etməsə, bütövlükdə Cənubi Qafqaza nəzarəti ələ keçirmək mümkün olmayacaq. Bu məqsədə nail olmaq üçün belə "jurnalist araşdirmaları" aparılır, müxtəlif iqtisadi cinayətlər, korrupsiya əməlləri, ofşor zonalarda baş verən müəyyən hadisələr guya jurnalistlər tərəfindən araşdırılır və ölkə ictimaiyyətinə təqdim edilir. Ancaq aydındır ki, bu cür materialları ABŞ və Avropa ölkələrinin kəşfiyyat qrupları hazırlayır və ölkə daxilində belə araşdırmaların altına imza atacaq müəyyən qədər tanınmış jurnalistləri tapıb, onların imzası ilə bu materialları dərc etdirirlər. Bu, əhalinin həmin araşdırmaları mötəbər saymasını təmin edir. Bu üsul yeni deyil, bizdən əvvəl digər ölkələrdə sınaqdan çıxmış bir metoddur. Bu gün də o, Azərbaycana qarşı tətbiq edilir.

Cənubi Qafqazda Azərbaycan ən böyük dövlət olduğuna görə hədəfdədir. Lakin hadisələr göstərir ki, Gürcüstan da tezliklə bu cür "araşdırmaların" şahidi olacaq. Müəyyən adamları xalq arasında nüfuzdən salmaq üçün onların törətdiyi və ya törətmədiyi iqtisadi cinayətləri şisirdilmiş şəkildə, tanınmış jurnalistlərin imzası ilə  cəmiyyətə təqdim edəcəklər. Bu bizi təəccübləndirməməlidir, anlamalıyıq ki, bu, Azərbaycanın yürütdüyü müstəqil siyasətin doğurduğu bir nəticədir. Ancaq biz də bu cür meyllərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Daha fəal işləmək lazımdır - aşkarlıq, şəffaflıq və hesabatlılıq artırılmalıdır, hər bu cür "araşdırmaya" dərhal cavab verilməlidir. Bu "araşdırmalara" imza atan şəxslər ifşa edilməlidir. Sübut edilməlidir ki, bu cür məsələlərin hamısı şər, böhtan və yalandır. Susmaq və hec bir reaksiya verməməklə bu cur qəsdlərin qarşısını almaq mümkün deyil. Həm adi vətəndaslar, həm KİV-lərdə çalışan vətənpərvər jurnalustlər, həm də hakimiyyət orqanları bu məsələdə birgə fəaliyyət göstərib, həqiqətlərin üzə çıxmasında əllərindən gələni etməlidirlər".

Dəniz NƏSİRLİ





Seçilən
83
baki-xeber.com

1Mənbələr