AZ

Prezident İlham Əliyev: “COP29 bizim mənəvi borcumuzdur”

Züleyxa NADİR

Bu borcu anlamayanlar fakt qarşısında darmadağın oldular

Nə sirri- xudadırsa, hansısa böyük bir addım atmaq istəsən səni dəstəkləyənlərlə yanaşı bacara bilməyəcəyini, yıxılacağını söyləyənlər də tapılır. Sanki yazılmamış bir qaydadır. Bu tendensiya sadə məişət hadisəsindən tutmuş böyük dövlət tədbirlərinə kimi özünü göstərir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına  (COP29) hazırlıqlar ərəfəsində  qlobal tədbirə "kəc" baxan, gözügötürməyən xarici qüvvələr, boykot etmək fikrinə düşənlər qalsın bir yana, daxildə də COP29-u həzm edə bilməyənlər özlərini açıq-aydın büruzə verdilər. Özlərini müxalifət adlandıran kəsim var gücü ilə çalışdı ki, hansısa  bir neqativ fakt tapıb tədbirin üstünə kölgə salsın. Gücü çatmayanda isə belə bir fikri dövriyyəyə buraxdı: bu qədər xərc çəkməyə nə gərək var?  70-80 min xarici vətəndaş harada qalacaq? Əcnəbiləri yedirib-içirmək, onlara qulluq etməklə özümüzü kimə göstəririk? Bu tədbirin bizə nə xeyri var?

***

Sonuncu sualdan başlayaq.  Təbii ki, bu adamları belə nəhəng qlobal tədbirin siyasi istiqaməti qətiyyən maraqlandırmır, maddi tərəfdən nə qazanacaqlarını düşünürlər. COP29 hər şeydən öncə turizm sektoruna fayda verdi. İldə 5 milyondan çox turist qəbul etmək imkanı olan Azərbaycan həmin günlərdə 70 mindən çox əcnəbi qonağı qəbul etdi. Onlar  iki həftə paytaxtdakı 300-ə yaxın hoteldə qaldılar. COP29 nümayəndələri ayrıca kirayə evlərlə də təmin olundular. Şəhərin taksi xidməti, restoran şəbəkələri əcnəbilərin xidmətində dayandılar. Və bütün bunların xərcini Azərbaycan dövləti, Azərbaycan vətəndaşı deyil, dünyanın dörd bir yanından gəlmiş qonaqlar ödədilər. Necə deyərlər, öz ciblərinin pulu ilə həm xidmət sektoruna qazanc verdilər, həm də Bakını gəzdilər, dolandılar, şəhərimizin gözəlliklərinə şahid oldular, ölkəmizi tanıdılar və tanıtdılar.

Məsələnin ağrılı tərəfi odur ki, sadə vətəndaşları, kütləni, lap elə bəzi oxumuş, savadlı insanları belə bu fikrə inandıra bilmişdilər: guya COP29-un Azərbaycana xeyrindən çox zərəri olacaq. Əslində bu, ondan irəli gəlirdi ki, onların "küy"ünə gedənlər  COP29-un nə adını, nə mahiyyətini, nə də məqsədinin, məramının nə olduğunu sona qədər anlamadılar. "COP" sözünün mənasını, bu üç hərfin özündə hansı fikri ehtiva etdiyini belə öyrənmək istəmədilər. Sadəcə, qlobal iqlim konfransına dodaq büzdülər, narazı fikirlərlə yükləndilər.

COP ingiliscə "Conference of the Parties", yəni Tərəflər Konfransı adlanır və adındakı 29 rəqəmi  qlobal tədbirin sayca 29-cu olduğuna işarədir. COP-a evsahibliyi edən hər hansı ölkə boynuna böyük məsuliyyət götürmüş olur. Çünki bu, elə-belə sıradan bir tədbir deyil, burada qlobal iqlim məsələləri müzakirə edilir. Ona görə də danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT nümayəndələrini və digər maraqlı tərəfləri bir araya gətirmək ev sahibindən böyük təmkin, səbr və dözüm tələb edir. Və bütün bunların fonunda ev sahibi olan tərəf beynəlxalq əməkdaşlıq, investisiya və iqlim liderliyini nümayiş etdirmək baxımından  ölkəsinə potensial faydalar gətirir.

***

Gələk məsələnin "özümüzü kimə göstəririk?" tərəfinə. Azərbaycan xalqı tarixən qonaq getmək, qonaq qarşılamaq kimi adət-ənənənin ən gözəl formasını  ortaya qoyub, bu gün də davam edir. Azərbaycanlılardan başqa "qonaq Allah qonağıdır" deyən  başqa millət varmı, yoxmu bilmirəm, amma biz qapımızı qəflətən, xəbərsiz döyən Allah qonağı haqqında elə içdən deyirik ki, Allaha da qurban, qonağına da, gözümüz üstə yerin var. Ata-babalarımız ev inşa edərkən qonağı nəzərə alaraq onun üçün ayrıca otaq tikiblər. Nənələrimiz, analarımız həmin qonaq  otağında ilin bütün fəsillərinə aid yorğan-döşək, qab-qacaq saxlayaraq, gözlənilmədən gələn qonağın qarşısına əliboş çıxmamaq üçün ehtiyat ərzaq tədarük ediblər. Kənd yerlərində qonaq üçün  toyuq-cücə, qoyun-quzu bəslənilib. Hər ailə qonağı layiqincə qarşılayıb yola salmağı özünə borc bilib. Bu, sanki bir dədə-baba qanunu, elan olunmamış tabu idi.  Qanuna  əməl etməyənlər, tabunu sındıranlar hər zaman qınanıb.

Bütün bu parametrləri əsrlərdi qanında- canında daşıyan bir millət və onun başçısı hər şeyi əlinin tərsi ilə itələyib Azərbaycan xalqına yad olan bəzi eybəcər Avropa mədəniyyətini, əxlaqsız qərb dəyərlərini nümayiş etdirməli idi? Və yaxud da xalq olaraq  kökümüzdən ayrılmış kimi görünməliydik? Yox, əlbəttə. COP29-un sayəsində Bakı iki həftə dünyanın mərkəzi rolunu oynadı,  planetin nəbzi Azərbaycanda döyündü. Azərbaycan dövləti dünya ölkələrini bir masa ətrafında toplayaraq bəşəriyyət üçün vacib olan iqlim müzakirəsinə moderatorluq etdi. Bütün bunlar təbii ki, yüksək mədəniyyət sərgiləməklə, milli adətlərimizin fonunda  ortaya qonaqpərvərlik nümunəsi qoymaqla həyata keçirildi.

Bu zamana kimi müxtəlif beynəlxalq tədbirlərə, idman yarışlarına, musiqi festivallarına evsahibliyi edən Azərbaycan dövləti üçün COP29 bir missiya idi. Azərbaycan bu prosesdə öz tarixi missiyasını tam şəkildə yerinə yetirdi. COP29-da dünya iqtisadiyyatının gələcək illər üçün inkişaf kursunu müəyyən edəcək bir sıra mühüm qərarlar qəbul edildi. Əsas məsələ, şübhəsiz ki, "yaşıl keçid" üçün inkişaf etməkdə olan ölkələrə ildə 300 milyard dollar həcmində vəsaitin ayrılması qərarıdır. Bu, "yaşıl iqtisadiyyat"a keçidin maliyyələşdirilməsi üçün konkret addımlarla bağlı tarixdə ən əhəmiyyətli qərarlardan biridir. Azərbaycanın COP29 kimi qlobal prosesə evsahibliyi etməsinin səbəbi ilə bağlı Prezident İlham Əliyev  bildirmişdi: "Bu, bizim mənəvi borcumuzdur". Azərbaycan bu mənəvi borcu ləyaqəti, şərəfi və qüruru ilə ödədi.

***

COP29-un "yaşıl zona"sındakı  Azərbaycan pavilyonu əcnəbilərin ən çox ziyarət etdikləri məkan idi.  Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən xalçalarımız, kəlağayılarımız, qədim məişət əşyalarımız,  gözəlliyi ilə göz oxşayan, qadınlara məxsus incə, zərif  aksesuarlarımız haqqında bilgi əldə edən avropalılar azərbaycanlı təmsilçilərin gülərüzünü, səmimi davranışını, mehriban təbəssümünü görəndə  elə bil ki, özləri də dəyişirdi. Soyuqqanlı  ingilisin, ciddi almanın, çılğın italyanın simasında  yaranan xoş təbəssümü görməmək üçün kor olmaq lazım idi. Hələ onu demirik ki, qəzet və saytlara, xəbər agentliklərinə, televiziyalara müsahibə verən hər bir əcnəbinin ilk sözü "Bakı çox gözəldir, insanları gülərüzlüdür, yeməkləri çox dadlıdır" olurdu. Şübhəsiz, COP29-un iştirakçıları ölkələrinə xoş təəssüratla qayıtdılar. Onlarda yaranan xoş ovqat Azərbaycan xalqının başucalığı, dövlətinin uğurudur. Amma nə yazıq ki, həmin uğuru gözardı edənlər elə bu dövlətin vətəndaşlarıdır.

Halbuki COP29 təkcə qlobal iqlim tədbiri deyil, həm də Prezident İlham Əliyevə  və Azərbaycan dövlətinə etimad, inam və hörmətin göstəricisi kimi COP tarixinə yazıldı. Dövlət başçısı bu hörməti əməli, işi, müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa olan sədaqəti ilə əldə edib. Nəticədə Azərbaycanın mövqeləri güclənib, beynəlxalq aləmdə nüfuzu artıb. Fakt: COP29 və uğurlu nəticə!

Və bu uğur düz bir ildir COP29-dan dolayı özünü neqativlərlə yükləyərək deyinən, ağız büzən, hər addımda bir nöqsan axtaranlara və xarici bədxahlara tutarlı cavabdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
olaylar.az

1Mənbələr