Deyir ki: “Bütün ömrüm boyu pisixiatr həkim işləmişəm. Bu müddətdə dəliləri yanıma güclə gətirsələr də, amma ağıllı adamlar özləri gəlib...”
Söhbət Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinə iyirmi ildən yuxarı rəhbərlik edən, tibb elmləri namizədi Mayıl Tağıyevdən gedir. Bəlkə də nə vaxtsa səhvləri olub, amma nə vaxtsa günah işlətdiyinə inanmıram. Demirəm məsumdur, Allahın müqəddəs bəndələri srasında onun da adı var, fəqət yaxşı bilirəm ki, təmiz insandır. Namuslu, qeyrətli kişilərdəndir. Necə deyərlər, hər kəsin qarşısında alnıaçıq, üzüağdır...
Yaxşı yadımdadır, rəhmətlik qardaşının yaşı yetmişə çatsa da övladı olmamışdı. Bir sınıq qəlbi sevindirmək üçün, o vaxt Mayıl həkim ona gözəl bir yubiley tədbiri təşkil edib dostlarını qardaşının başına yığmışdı. Kaş görəydiniz, ucqar bir rayonda yaşayan həmin qardaşı necə sevinirdi, necə qayğısız görünürdü...
Rəhmətlik Məmməd Aslanla çox mehriban dost idilər. Məmməd Aslan Onun xətrini çox istəyirdi. Şairin pulu-parası hardandı? Mayıl həkim ona həmişə dəstək olardı. Tez-tez özüylə Yardımlıya aparardı. Dağları gəzərdilər. Rəhmətlik deyərdi ki, mən Yardımlıya gedəndə elə bil doğma Kəlbəcərimi görürəm. Şair həm də həvəskar fotoqraf idi. Füsünkar mənzərələri fotoaparatın yaddaşına köçürməkdən yorulmazdı. Bu gün həkimin özəl klinikasında divarlar Məmməd Aslanın çəkdiyi gözəl təbiət mənzərələri ilə bəzədilib...
Erkən gəncliyindən Sumqayıtda məskunlaşsa da Mayıl Tağıyev bütün ömrü boyu doğulduğu ata-baba yurduna biganə qalmayıb. Rentgen cihazı ilə təmin olunmuş xüsusi avtomobil və həkim heyətilə birlikdə dəfələrlə rayona gedib, əhalini təmənnasız olaraq müayinədən keçiriblər...
Unun, qəndin qıt vaxtlarında şəxsi nüfuzundan istifadə edərək, bu ərzaqları Rusiyadan gətizdirir, rayon camaatının ölkədəki qıtlıqdan əziyyət çəkməməsinə çalışırdı...
Məgər birdir, ikidir Mayıl həkimin xeyirxahlıqarı? Sadaladıqca bitməz. Kim bilir, bəlkə də Allahla öz arasında hələ nə qədər xeyirxah əməlləri gizli qalıb...
Nə isə, dekabrın 5-də Mayıl Tağıyevin 76 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram...
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu