AZ

Naxçıvanda gələn il üçün vergi güzəştlərinə dair yeni layihələrin icrası gözlənilir

Bu gün “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, eyni zamanda, dözlət-biznes dialoq platformasının növbəti mərhələsi çərçivəsində görüş keçirildi. Görüş zamanı muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfə verən, əlverişli biznes mühiti prioritetindən irəli gələrək vergi və digər dövlət dəstək tədbirləri haqqında müzakirələr aparıldı. Eyni zamanda, hədəf baxışlarımız və təklif etdiyimiz yeni layihənin elementlərini sahibkarlar, dövlət qurumu nümayəndələri və media nümayəndələri ilə bölüşdük. Qeyd edim ki, Dövlət Proqramında işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulmuş vergi güzəştlərinin eynisinin Naxçıvan Muxtar Respublikasına da tətbiqi nəzərdə tutulur. Eyni zamanda, sosial sığorta sahəsində də dövlət dəstək tədbirlərinin təqdim edilməsi plandadır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdən sonra jurnalistlərə müsahibəsində söyləyib.

İdarə rəisi deyib: “Hazırki müzakirə məhz vergi güzəştləri ilə bağlıdır. Vergi güzəştləri Naxçıvan rezidentlərinə münasibətdə tətbiq ediləcək. Kimdir Naxçıvan rezidenti? Naxçıvan rezidenti muxtar respublikada qeydiyyata alınan, orada fəaliyyət göstərən sahibkarlıq subyektidir. Bu gün təklif etdiyimiz və danışdığımız mövzuda maliyyə institutları istisna olmaqla, real sektorun iştirakçıları, yəni ticarətçilər, istehsalçılar, xidmət sahəsində fəaliyyət göstərən şirkətlər və digərləri üçün mənfəət, gəlir, əmlak, torpaq vergiləri üzrə tam həcmdə 10 il müddətində vergidən azad olunma təklif edilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin idxal etdikləri texnika və texnoloji avadanlıqların idxalının əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur”.

Nicat İmanov qeyd edib ki, məqsəd Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə vergi güzəştləri verməklə onlar üçün əlverişli vergi mühitini təmin etmək, biznes subyektlərinin mənfəətliliyinə şərait yaratmaq, yəni vergi yolu ilə dəstək verməkdir: “Eyni zamanda, biznes subyektləri tərəfindən sahibkarlıq fəaliyyətini inkişaf etdirməklə ümumi iqtisadi sferaya inteqrasiyanı tam təmin etmək və məşğulluğun təmin olunmasına, əhalinin rifahının, maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaratmaqdır. Layihələr razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. İcrası növbəti il üçün gözlənilir. Təbii ki, müzakirə prosesindədir və həlli istiqamətində qısa müddətə növbəti addımların atılacağı gözlənilir”.

Seçilən
52
1
xalqqazeti.az

3Mənbələr