Qazilərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Şahnaz Rzayeva və Fərmayil Verdiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Şahnaz Rzayevaya 1 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Digər təqsirləndirilən Fərmayil Verdiyev isə vəfat etdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.
Qeyd edək ki, ittihama görə, Fərmayil Verdiyev və Şahnaz Rzayeva qazilərin kəsilmiş pensiyalarını bərpa etmək adı ilə onlardan 9 700 manat pul alıblar.
Cinayət işində Birinci Qarabağ müharibəsinin qaziləri Elxan Eldar oğlu Camalov, Araz Abasət oğlu Vəliyev, Pərvin Sadiq oğlu Həsənov və Əlibaba Müzadil oğlu Mehdiyev zərərçəkən qismində tanınıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178.2.2 (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Fərmayil Verdiyev bu ilin iyul ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsində böyrək çatışmazlığından vəfat edib.