Ağdam şəhərində 4 nömrəli yaşayış massivi üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi planlaşdırılır. Bu tikinti işləri çərçivəsində müasir standartlara uyğun, rahat və funksional mənzil layihələri həyata keçiriləcək.
Bu barədə Musavat.com dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Yaşayış binalarının tikintisi qeyd olunan yaşayış massivinin 1,2,3,4,5,6,7 və 8-ci məhəllələri üzrə aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin 4 nömrəli yaşayış massivinin 1 və 2-ci məhəllələri üzrə 42.479.710,84 AZN-ə (42 milyon 479 min 710 manat 84 qəpik), 3 və 4-cü məhəllələri üzrə 21.863.890,11 AZN-ə (21 milyon 863 min 890 manat 11 qəpik), 5 və 6-cı məhəllələri üzrə 42.881.950,42 AZN-ə (42 milyon 881 min 950 manat 42 qəpik), 7 və 8-ci məhəllələri üzrə isə 29.947.783,41 AZN-ə (29 milyon 947 min 783 manat 41 qəpik) başa gələcəyini proqnozlaşdırıb.
Beləliklə, sözügedən ünvanlar üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinə qurum 137 milyon 173 min 334 manat 78 qəpik vəsaitin sərf olunacağını ehtimal edir.
Musavat.com