Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zaqatala şəhəri, Ş.Qurbanov küçəsində fəaliyyət göstərən Davudov Mahir Harın oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama aparıblar.
Agentlikdən Ölkə.az-a verilən məlumata görə, yoxlama zamanı sanitariya norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb.
Müəssisədə döşəmə, divar, tavan və qida ilə təmasda olan səthlərin korroziyaya davamlı hamar və yuyulabilən materialla üzlənmədiyi, unun divardan ara məsafə gözlənilmədən saxlanıldığı, havalandırma sisteminin qurulmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara yığılmadığı, işçi heyət üçün isti-soyuq su və yuyucu maddələrlə təchiz edilmiş yuma sahəsinin ayrılmadığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.