Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq konfransda bir sıra Qərb ölkələrinin Azərbaycana qarşı kampaniyaları haqqında məlumat verib. SİA xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova bu gün Milli Məclisdə keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı bir sıra Qərb ölkələri və onların parlamentlərinin, o cümlədən, AŞPA və Avropa Parlamenti kimi qurumların Azərbaycana qarşı yalan ittihamlar üzərində qurulmuş böhtan və dezinformasiya kampaniyaları haqqında da məlumat verib. Spiker Sahibə Qafarova xatırladıb ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında anti-terror tədbirləri 30 illik işğala və haqsızlığa son qoydu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Eyni zamanda, məhz ölkəmizin təşəbbüsü ilə Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin yaradılmasıimkanlarına da yol açdı. Onun sözlərinə görə, bütün bu proseslər fonunda bir sıra Qərb ölkələri və onların parlamentləri, AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı yalan ittihamlar üzərində qurulmuş böhtan və dezinformasiya kampaniyaları aparır, ölkəmizin daxili işlərinə müdaxilə edirlər. Milli Məclisin sədri vurğulayıb ki, bunun yeganə səbəbi isə, Azərbaycanın kimlərinsə diktəsini rədd edərək, öz torpaqlarını işğaldan azad etməsi və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsidir.
Bu tip təxribatların BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyası dövründə özünü aşkar şəkildə büruzə verdiyini deyən Milli Məclisin sədri bildirib ki, Azərbaycanın iqlim dəyişmələri kimi qlobal problemlə mübarizədə bütün dünyanın səylərini birləşdirməyə çalışdığı bir dövrdə, öz dar siyasi maraqlarını güdən dairələr bu qlobal tədbiri boykot çağırışı edir, ölkəmizə qarşı absurd iddialar səsləndirirdilər. Lakin onların bu təxribatları nəticəsiz qaldı.
Sahibə Qafarovanın sözlərinə görə, COP29 ən yüksək səviyyədə keçirildi və əhəmiyyətli nəticələrin əldə olunması ilə başa çatdı. COP29 çərçivəsində Parlament Toplantısı təşkil etməklə Milli Məclis bu mühüm prosesə öz töhfəsini verdi.
"Təəssüf ki, əsassız təzyiqlər, ikili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrimizin tez-tez qarşılaşdığı neqativ hallardır. Bu isə öz növbəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin vacibliyini bir daha ön plana çıxarır.
Biz parlament diplomatiyasının bütün mövcud imkanlarından faydalanmaqla, konstruktiv dialoq və əməkdaşlığı rəhbər tutmaqla qarşıya qoyduğumuz hədəflərə nail ola bilərik. Bugünkü parlament konfransımız da əslində bizlərin ortaq niyyətinin bariz ifadəsidir", - deyə Sahibə Qafarova bildirib.