Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan tarixi” (“History of Azerbaijan”) layihəsinə daxil olan qısametrajlı filmlərin təqdimat mərasimi keçirilib.
Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün Prezident İlham Əliyevin tapşırıqları əsasında diaspor fəaliyyəti daha da genişlənib və Azərbaycan diasporu uğurlu layihələr həyata keçirir.
“Ölkəmizin mədəniyyətinin təbliği ilə bağlı qeyd etməliyik ki, milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların bütün dünyada təbliğ olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfədir. Xaricdəki Azərbaycan icmaları da bu sahədə beynəlxalq layihələr həyata keçirir və dövlətimiz diaspor təşkilatlarının layihələrinə dəstək verməyi prioritet məsələlər kimi görür”, - deyə Komitə sədri əlavə edib.
Sonra “History of Azerbaijan” layihəsinin təqdimat videosu, “Dəmir Yumruq – Vətən müharibəsi”, “Azərbaycanda qədim dinlər və multikulturalizm” filmi, eləcə də “Əkinçi” qəzeti haqqında film nümayiş olunub.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında belə layihələrin vacibliyini vurğulayıb və filmin yaradıcı heyətinə, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq edib. O, növbəti layihənin azyaşlı uşaqlar üçün animasiya filmlərinin istehsalı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, layihənin iştirakçısı Zamiq Əliyev və başqaları belə filmlərin Azərbaycan tarixinin, mədəniyyətinin təbliğində böyük əhəmiyyət daşıdığını dilə gətiriblər.
Hazırlanan filmlər tədris vəsaiti kimi xaricdəki həftəsonu Azərbaycan məktəblərinin proqramına daxil edilib, eyni zamanda, müxtəlif ölkələrdəki icma tədbirlərində nümayiş olunur.
Qeyd olunub ki, 16 qısametrajlı filmdən ibarət olan layihə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və ELTV Media Qrupunun birgə təşkilatçılığı ilə Kanadada hazırlanıb. “History of Azerbaijan” layihəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və ELTV Media Qrupunun birgə təşkilatçılığı ilə Kanadada ərsəyə gətirilib.