AZ

Qədim tramvaylar və qırmızı fasadlı binalar şəhəri

Lissabon dünyanın ən yaxşı yüz turizm məkanı arasında yeddinci yerdədir. Portuqaliyanın paytaxtına gələn səyahətçilərin sayı ildən-ilə artır. Turistləri ilin bütün fəsillərində mülayim iqlim, qədim tarix və yaddaqalan görməli yerlər cəlb edir.

“Lissabon daimi kəşflər şəhəridir. Bu şəhərdə demək olar ki, hər küçədə eşidə və izini görə biləcəyiniz bir hekayə, əfsanə və ya sirr var”, - deyə səyahət edən turistlər rəylərində qeyd edirlər.

28 nömrəli tramvay

Lissabonu kəşf etməyə başlamağın ən yaxşı yolu isə yeddi təpədən ibarət şəhərin arxa küçələrində dolaşmaqdır. Yaşlı insanların və tənbəl portuqal pişiklərinin pəncərələrdən bayıra baxdıqları köhnə evlərə, nostalji kafelərə və ya tarixi məhəllənin şərab barlarına rast gələcəksiniz. Klassik ekskursiya formatından uzaqlaşıb şəhərin dolama küçələrində hər şeyin necə ahəngdar olduğu sizi bir az da təəccübləndirəcək.

Məftunedici Baixa, sirr dolu Alfama, Mouraria və Graça rayonlarında gəzərkən şəhərin keçmiş dövrləri ilə müasir həyat tərzi arasında xüsusi təzadı hiss etmək, romantik fadonun tarixini araşdırmaq, yerli əfsanələri eşitmək, dəbli kafelər haqqında məlumat əldə etmək imkanı yaranır.

Gəzməkdən yorulduğunuz zaman 28 nömrəli tarixi tramvaya minməklə dar küçələrdə dolaşmağın öz gözəlliyi var. Bu tramvay təkcə ictimai nəqliyyat deyil, həm də tam hüquqlu bir şəhər cazibəsidir. 1930-cu illər dövrünə aid kiçik sarı vaqon dar küçələrdə hərəkət edir və adətən açıq taxta pəncərələrində özçəkim (selfi) etmək istəyən səyahətçilərlə dolu olur. Məşhur tramvayda gediş haqqı digər tramvaylarda olduğu kimi üç avrodur. Tramvaylarla yanaşı, şəhərin üç yerində funikulyorlar 300 metr hündürlüyə qalxaraq turistlərə və yerli sakinlərə xidmət edir.

Aşağı platformalı və qoşa vaqonlu müasir yüksək sürətli tramvaylar da şəhər ətrafında hərəkət edir, lakin onlar təpələrə qalxmır, ən yaxın şəhərətrafı qəsəbələrə və ya yeni tikililərə gedirlər. Lissabonda taksilər ucuzdur. Hava limanından mərkəzə gediş təxminən 10 avroya başa gəlir. Hava limanından mərkəzə avtobuslar da işləyir. Metronun qırmızı xətti də hava limanından sərnişinləri daşıyır. Şəhərdə ictimai nəqliyyatla hərəkət etməyin ən əlverişli yolu Navegante kartıdır. Onu metro stansiyalarındakı avtomatlardan və ya bilet kassalarından almaq olar. Kart metro, avtobus, tramvay, bərə, bir neçə yerli qatarda, funikulyorlarda və hətta məşhur Santa Justa liftində etibarlıdır.

Lissabonu necə kəşf etməli?

Lissabon adamı təkcə qədim tramvayları, funikulyorları, ağ-qara daşlarla döşənmiş səkiləri və meydanları, müşahidə meydançaları ilə deyil, həm də qırmızı fasadları olan binaları ilə təəccübləndirir.

Müşahidə göyərtələrindən bu mənzərələri seyr etmək isə fərqli bir zövq verir.
Lissabonun kəşfini əsas meydanından – “Lissabon qapısı” kimi tanınan Praça do Comercio meydanından davam etdirmək, muzeylərə, kilsələrə, qalalara baş çəkmək olar. Qırmızı, sarı və yaşıl rəngli avtobuslar turistləri müxtəlif xətlər üzrə şəhər gəzintisinə aparır (22 avro). Paytaxtı yaxından tanımaq üçün turistik marşrutlar qədər nəqliyyat növləri də çoxdur. Şəhərdə bir neçə su marşrutları var. Tagus çayının o biri tərəfinə, Atlantik okeanına bərə ilə getmək maraqlı səyahətdir. Feribotlar Cais do Sodre metro stansiyasından və qatar stansiyasından yola düşürlər (5-6 avro).

Seçilən
53
2
publika.az

10Mənbələr