AZ

COP29 Xəzər regionu ölkələrinə enerji keçidinə sadiqliyini nümayiş etdirmək üçün platforma təqdim etdi

Bakı, TurkicWorld

COP29 Xəzər regionu ölkələrinə enerji keçidinə, bərpa olunan enerji mənbələrinin inkişafına və qlobal çağırışların həllinə sadiqliyini nümayiş etdirmək imkanı yaratdı.

TurkicWorld xəbər verir ki, bu barədə "Caspian Policy Center"in (CPC) prezidenti Əfqan Nifti Londonda keçirilən "Xəzər regionunun enerji təhlükəsizliyi və COP29-un nəticələri" konfransında çıxışı zamanı bildirib.

O, həmçinin son bir il ərzində əldə edilən əsas razılaşmalar, o cümlədən regiondan Avropaya təbii qaz və "təmiz" enerji tədarükü, eləcə də Qara Dəniz Enerji Kabeli layihəsi kimi təşəbbüslər haqqında danışıb.

Ə.Nifti Cənubi Qafqazın və Mərkəzi Asiyanın qlobal bazarlar və təchizat zəncirləri üçün əhəmiyyətini vurğulayıb.

O, Xəzər regionunda əlaqələrin və əməkdaşlığın artdığını qeyd edib ki, buna son bir il ərzində Mərkəzi Asiya liderlərinin Cənubi Qafqaz ölkələrinə 17 səfəri və Cənubi Qafqaz liderlərinin Mərkəzi Asiyaya 16 cavab səfəri sübutdur.

CPC prezidenti həmçinin enerji təhlükəsizliyi və ətraf mühitin qorunmasının regionun əsas prioritetləri olduğunu vurğulayıb.

"Enerji təhlükəsizliyi problemi birgə fəaliyyət tələb edir. Xəzər regionu ənənəvi enerji resursları ilə təminatda əsas rol oynayıb və gələcəyə baxaraq, davamlı, etibarlı və əlçatan "təmiz" enerji vasitəsilə qlobal enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır", - CPC prezidenti.

Qeyd edək ki, Azərbaycanda keçirilmiş COP29 konfransı mühüm qərarlarla yadda qaldı:

- İllik maliyyələşdirmənin 300 milyard ABŞ dollarına çatdırılması ilə bağlı yeni əsas hədəf müəyyən edildi ki, bu da əvvəlki 100 milyard dollarlıq həddi üç dəfə üstələyir;

- Zərər və İtki Fondu fəaliyyətə başladı;

- Paris Sazişinin 6-cı maddəsi çərçivəsində etibarlı karbon bazarlarının yaradılması üzrə danışıqlar tamamlandı.

Seçilən
28
3
turkic.world

4Mənbələr