Qoz və qoz ləpəsi Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 2 milyon 242,6 min dollar dəyərində 1 493,9 ton qabıqlı qoz və 12 milyon 169,2 min dollar dəyərində 2 667,7 ton qabığı təmizlənmiş qoz (ləpə) idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan qabıqlı qozun miqdarı 2,7 dəfə, qoz ləpəsinin miqdarı isə 58% artıb.
Qeyd edək ki, idxal olunan qabıqlı qozun 1 kiloqramının orta gömrük dəyəri 2 manat 55 qəpik (1,5 dollar), qoz ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri isə 7 manat 75 qəpik (4,6 dollar) olub.
Azərbaycan qabıqlı qoz və qoz ləpəsi əsasən Ukraynadan idxal edir. Bu ilin ilk 9 ayında Azərbaycana idxal edilən qabıqlı qozun 83%-i və ya 1 234,8 tonu, qoz ləpəsinin isə 63%-i və ya 1 685 tonu Ukraynadan gətirilib.
Ukraynadan gətirilən qabıqlı qozun 1 kiloqramının gömrük dəyəri 2 manat 20 qəpik, qoz ləpəsinin 1 kiloqramının gömrük dəyəri isə 7 manat 85 qəpik olub.
Ukraynadan başqa Azərbaycan ABŞ-dan (74 ton), Argentindan (40 ton), Çilidən (40 ton), Qırğızıstandan (33,5 ton), Rusiyadan (38 ton) və Özbəkistandan (28,5 ton) qabıqlı qoz idxal edib.
Qoz ləpəsi isə Ukraynadan sonra Azərbaycana Özbəkistandan (526,7 ton), Qırğızıstandan (385,8 ton), Çindən (36 ton) və ABŞ-dən (29 ton) gətirilib.
Elnur Əli