AZ

Elmar Baxşıyev: “Uğurlu qrafik onların əməyinin nəticəsidir”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Süni meydanda oynayacağımıza görə oyunun ağır keçəcəyini bilirdik. Komandanı da həftə ərzində buna hazırlamışdıq. Oyuna istədiyimiz kimi başlamasaq da, tədricən ritmə uyğunlaşdıq. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Oyun planında artırmaq üçün potensialımız var. Qarşıdakı oyunlarda daha məzmunlu oynayacağıq.

Çempionatın sonunu yox, hər həftə keçirəcəyimiz matçı düşünürük.

Futbolda cavan-yaşlı anlayışı keçmişdə qalıb. İşə yanaşma, istək önəmlidir. Bu gün məşq prosesində gənc və yaşlı dediyimiz futbolçular eyni yükləməni alırlar. Siz onları həftədə bir dəfə – oyun zamanı görürsünüz, biz həftə ərzində birgə calışır, istədiklərimizi alırıq. Heyətimizdə nəticəyə ac futbolçular cəmləşiblər. Oyunlara düzgün hazırlaşır və yanaşırlar. Ona görə də nəticələrimiz ürəkaçandır. Qazandığımız nəticələr, uğurlu qrafik onların əməyinin nəticəsidir”.

Elmar Baxşıyev komandasının qış fasiləsindəki hazırlıq planlarından da söhbət açıb:

“Ölkə daxilində hazırlıq keçəcəyik. İstirahət vaxtı çox olmadığından Bakıda qalacağıq. Transferə gəldikdə, danışıqlara başlamamışıq. Oyunları qurtaracağıq, rəhbərliklə danışacağıq və qarşıda bizi nə gözləyir, görəcəyik”.

Cavid Hüseynov yenə heyətin kasadlığından şikayətləndi

“Səbail”in baş məşqçisi Cavid Hüseynov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Araz-Naçxıvan”ı təbrik edirəm. Oyuna yaxşı hazırlaşsaq da, uduzduq. Komanda olaraq üzülürük. Nələrisə dəyişmək istəyirik, amma hələ ki, alınmır. Hücum xəttində problemlərimiz var. Nə qədər çalışsaq da, düzəldə bilmirik. Səbirli olmalıyıq. Maksimum dərəcədə toparlanmalıyıq, özü də tez bir zamanda. Qış fasiləsinə qədər iki oyun qalıb. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.

Əlimizdə çox material yoxdur. Heyətimizə baxsaq, zədəlilərimiz də var. O qədər də geniş heyətə sahib deyilik. “Qarabağ”la baş-başa mübarizə aparmaq çox çətindir. “Sabah”dan xal alacağımıza çox ümidliydik, amma uduzduq. “Araz-Naxçıvan” bu dəqiqə ən formada olan iki komandadan biridir.

Bir komandada sırf hücumçu yoxdursa, deyə bilərik ki, heyət geniş deyil. Hər mövqedə iki oyunçu olmalıdır. Amma bizdə çox mövqelər var ki, orada ikinci oyunçu yoxdur. Futbolçular hiss edirlər ki, onun yerində oynayacaq ikinci oyunçu yoxdur. Bu durumda işləmək çətindir. Qışa qədər başqa şansımız yoxdur. Son iki oyuna köklənəcəyik.

Durum aydındır, durumu bilib gəlmişəm. Futbolçularla da iclaslarda bunun mümkün olduğunu onlara aşılayırıq. Bir qələbə kifayət edər ki, özünəinam qayıtsın. Futbolda özünəinam böyük önəm kəsb edir”.

Seçilən
39
arena.az

1Mənbələr