“Çox ağır oyun oldu. Amma nəticəni normal hesab edirəm. Oyuna gəldikdə isə hələ çox işləməliyik. Heyətdə rotasiyalar etmişdik. Çünki, kubokda 120 dəqiqə ağır oyun keçirmişdik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski “Qarabağ” oyunu (1:1) sonrası deyib. O, daha sonra belə davam edib:
“Bizim yorğunluğumuz ikinci hissədə öz təsirini göstərirdi. Buna baxmayaraq əks-hücumda fürsətlərimiz oldu. Onlardan istifadə etmək olardı. Bizim üçün nəticə yaxşıdır. Birinci hissədə biz rəqibdən daha yaxşı oynadıq. “Qarabağ”ın hücum potensialının qarşısını aldıq. Amma ikinci yarıda alışdığımız “Qarabağ”ı görə bildik. Onlar daha sürətli oynayırdılar, daha hərəkətli idilər.
Futbolçuların potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verir. Bura gələndə vaxtımız az idi, 3-4 gündən bir oynayırdıq. Amma indi bir həftəlik vaxtımız var, normal hazırlaşa biləcəyik. Əlimizdən gələni edəcəyik ki, bizdən öndə olan komandalarla rəqabət aparaq”.