AZ

“Karyeramboyu heç vaxt bu qədər ehtiyatda qalmamışdım” – “Neftçi”li legionerlə MÜSAHİBƏ

“Neftçi” Azərbaycan kubokunun 1/8 final mərhələsində “Difai”ni 6:0 hesabı ilə məğlub etməklə növbəti mərhələyə yüksəldi.

“Ağ-qaralar”ın macarıstanlı müdafiəçisi Mark Tamaş Sportinfo.az-ın suallarını cavablandırıb.

- “Qarabağ”a ağır məğlubiyyətdən sonra böyük hesablı qələbə necə hislər yaradıb?

- Belə bir qalibiyyətə ehtiyacımız var idi. Bilirəm, rəqib aşağı liqa təmsilçisidir, arada böyük fərq var. Ancaq xətlərarası əlaqənin yaxşılaşması və məhsuldarlıq baxımından bizim üçün önəmli qarşılaşma idi. İnanıram ki, 6:0 bizə növbəti görüşlər üçün motivasiya verəcək.

- Bu qələbə “Qarabağ” yenilgisini az da olsa unutdurdu?

- Qarışıq hislərdir. Tam unutdurduğunu deyə bilmərəm. Çünki əzəli rəqibə uduzmuşuq. Ancaq ümumi götürsək, yaxşıya doğru dəyişiklik olacağına inanıram.

- İki həftə öncəki söhbətimizdə Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə qazanmağın çətinliyini bildirmişdin. Hələ də o fikirdəsən?

- İlk “3-lük”dəki rəqiblərlə aramızda böyük xal fərqi var. Təbii ki, həyatda mümkünsüz heç nə yoxdur. Ancaq real danışsaq, bu gün bizim üçün ən qısa yol kubok yolu ilə uğur qazanmaqdır. Odur ki, ölkə kubokunu qazanmaq üçün əlimizdən gələni etməliyik. Bu, bizim üçün sonuncu şansdır.

- “Difai” ilə oyunda baş məşqçiyə əsas heyətdə oynamağa layiq olduğunu sübut etdiyini düşünürsən?

- Şans qazandığım istənilən matçda meydanda 100 faizini etmişəm. Bundan sonra da belə olacaq. Qərarı baş məşqçi verir, onun işinə qarışa bilmərəm. Mən məşqlərdə bacardığımı edirəm ki, etimad qazanım. İstənilən halda qərara hörmətlə yanaşıram.

- “Neftçi”ni ehtiyat oyunçular skamyasından izləmək ağırdır?

- Çox ağırdır. Karyeramboyu heç vaxt bu qədər ehtiyatda qalmamışdım. Psixoloji baxımdan mənim üçün heç də asan deyil. Hər zaman meydanda olmaq üçün əlimdən gələnin ən yaxşısını etmişəm və bu gün də edirəm. Dediyim kimi, qərarı baş məşqçi verir.

 

HƏBİB

Seçilən
22
1
hurriyyet.az

2Mənbələr