Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.
Görüşdə Azərbaycan və Pakistan dövlətləri və xalqları arasındakı münasibətlərin tarixi, Pakistanın həm Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu dövrdə, həm də 44 günlük Vətən müharibəsində ölkəmizə verdiyi siyasi dəstək, diplomatik əlaqələrimizin keçdiyi inkişaf yolu, parlamentlərarası münasibətlərimizin dərinləşdirilməsi perspektivləri barədə müzakirələr aparılıb. Söhbət zamanı Pakistan parlamentinin nümayəndə heyətinin Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında iştirakı yüksək qiymətləndirilib. Pakistanlı qonaq bütün çətinliklərə və maneələrə baxmayaraq, Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbiri yüksək səviyyədə keçirməsinə və əldə olunan uğurlu nəticələrə görə təbriklərini çatdırıb.
O, qeyd edib ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı tikinti-quruculuq işləri yüksək qiymətləndirilir. Tərəflər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyəti, parlamentlərarası dostluq qruplarının fəaliyyəti və digər mövzularda da fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Milli Məclisin deputatı Elşən Musayev Azərbaycan-Pakistan əlaqələrinə dair fikirlərini bölüşüb.
Görüşdə Pakistanın ölkəmizdəki səfiri Qasim Mohiuddin və digər rəsmi şəxslər iştirak ediblər.