AZ

Yeni Suriya necə qurulacaq: İnkişaf, yoxsa məhv...

Əsəd rejiminin devrilməsi ilə Suriya yeni və çox ağır bir mərhələyə qədəm qoyur. Yeni mərhələ Suriya dövlətçiliyinə və xalqına yeni uğurlu perspektivlərlə yanaşı, çox təhlükəli gələcək də vəd edir.

İndi hamını düşündürən yeni Suriyanın necə qurulması məsələsidir. 

Əsas regional oyunçular və Əsəd rejimini devirən müxalif güclər yeni Suriyanı qurmaq üçün ilkin mərhələ kimi bütün siyasi qüvvələrin, etnik, dini qrupların iştirakı ilə keçid hökumətinin formalaşdırılmasıdır. Baxmayaraq ki, bütün maraqlı tərəflər keçid hökumətinin belə bir formada qurulmasının tərəfdarı kimi çıxış etsə də, lakin keçid hökumətinin formalaşmasının tərkibi ilə fərqli baxışları sezilməkdədir. 

Çünki yeni Suriya Yaxın Şərqi dizayn etməyə cəhd edən güclər üçün mühüm əhəmiyyət kəsb edir. Həmin güclərin növbəti mərhələlərdə Yaxın Şərqin şəkilləndirilməsindəki rolu Suriyada maraqlarının nə dərəcədə təmin olunmasından asılı olacaq. Bu baxımdan da bölgədəki əsas aktorlar Suriyada maraqlarının təmin olunması üçün mübarizə aparacaq.

Suriyada mövqelərini itirən Rusiya və İranın yerində əsas oyunçu rolunda çıxış edənlər Türkiyə, ABŞ, İsrail, bir sıra Ərəb və Avropa ölkələri, onların Suriyada dəstəklədikləri qüvvələrdir.

Əsəd rejiminin qısa zamanda devrilməsində rolunda ən ciddi aktor rolunu isə Türkiyə oynadığından yeni Suriyanın şəkilləndirilməsində də əsas arbitr rolunda çıxış edən Ankaradır. Bütün oyunçular da Ankaranın son hadisələrdəki rolunu gördüyündən Türkiyənin gücü ilə hesablaşmaq zorundadır.  

Ankara Suriyanın gələcəyi ilə bağlı qurulacaq keçid hökumətində keçmişdə buraxılan səhvlərə yol verilməməsi tələbini irəli sürməkdədir və bunu da Türkiyə xarici işlər naziri Hakan Fidan bütün diplomatik danışıqlarda gündəmə gətirməkdədir. Ankara kürdlərin də keçid hökumətində yer almasını istəsə də, PKK/YPG/PYD və İŞİD terrorçu təşkilatlarının təmsilçiliyinə qarşıdır və bunu yolverilməz hal hesab edir. 

Ankara böhranın Suriyanın ərazi bütövlüyü, suverenliyi çərçivsəində həllini istədiyindən, PKK/YPG/PYD, o cümlədən İŞİD terrorçu təşkilatlarının keçid hökumətində təmsilçiliyə can atmasını bütövlükdə bölgədə dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etmədiyi qənaətindədir. Ankara Qərbin, xüsusən də ABŞ və İsrailin PKK/YPG/PYD-ni dəstəkləməsinin həmin ölkələrin bölgədə gələcəyə hesablanmış "mina" hesab edir. Zamanı gələndə bu "mina"dan növbəti mərhələdə planlarını reallaşdırmaq üçün istifadə edəcəklər. Bu səbəbdən də Ankara proseslərin indiki mərhələsində həmin "mina"nı zərərsizləşdirməyə çalışır. Buna nə qədər, necə və hansı formada nail olacağını zaman göstərəcək. Çox güman ki, Türkiyə yaxın günlərdə keçid hökumətində PKK/YPG/PYD terror təşkilatının yerinə kürdlərin hansı formada təmsilçiliyinə aydınlıq gətirəcək. Hesab edirəm ki, Ankara bütün tərəfləri razı sala biləcək uğurlu bir forma təqdim edə biləcək.

Tərəflərin konsesusu əsasında keçid hökuməti formlaşdırıla bilər, lakin bu, uzunmüddətli olmaya da bilər və nəticədə dağıla bilər. Bu da yenidən gərginliyə səbəb ola bilər.  

Odur ki, Suriyanın uğurlu gələcəyi formalaşacaq keçid hökumətindən çox asılıdır. Keçid hökumətinin qarşısında təkcə dağılmış Suriyanın yenidən bərpa etmək deyil, eyni zamanda gələcək inkişafı ilə bağlı yeni konstitusiya hazırlamaq, yeni seçkilər keçirmək, hökumət formlaşdırmaq, dövləti yenidən qurmaq, iqtisadiyyatını inkişaf etdirmək üçün investisiyalar cəlb etmək və sair bu kimi çoxsaylı məsələlər durur.  

Bütün bu məsələlər həllini tapmalıdır və onların icrası elə də asan məsələ deyil. Ona görə də keçid hökumətinin üzərinə böyük məsuliyyət düşür. Yoxsa Suriya "kral öldü, yaşasın yeni kral" vəziyyətinə düşməklə siyasi xəritədən silinmə təhlükəsi ilə üzləşəcək.

Mürtəza
Paralel.az

Seçilən
79
50
paralel.az

10Mənbələr