AZ

Moskvada “Azərbaycan” pavilyonunda 40-dan çox tədbir keçirilib

Son dörd il ərzində Rusiyanın Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda 40-dan çox tədbir keçirilib, hər il pavilyonu 1 milyondan çox insan ziyarət edir.

“İki sahil” xəbər verir ki, bu barədə Moskva merinin rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, “Azərbaycan” pavilyonu 23 noyabr 2019-cu il tarixində bərpadan sonra açılıb. Hər il pavilyonu 1 milyondan çox insan ziyarət edir. Dörd il ərzində o, rəsm sərgiləri, dequstasiya ilə milli bayramlar, musiqi və rəqs tamaşaları da daxil olmaqla 40-dan çox tədbirə ev sahibliyi edib.

Xatırladaq ki, Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonu 1939-cu ildə məşhur Azərbaycan memarları Sadıq Dadaşov və Mikayıl Useynovun layihəsi üzrə yaradılıb. Sonrakı illərdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisindəki bir çox başqa pavilyonlar kimi bu pavilyon da çoxsaylı dəyişikliklərə məruz qalıb, yenidən qurulub.

Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib. Hazırda nadir memarlıq siması bərpa olunan milli pavilyon, həmçinin yeni məzmunla izləyicilərini qarşılayır.

Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür.

Bərpa zamanı ornamentlərlə bağlı iş onların əvvəlki qatlarının təmizlənməsi ilə başladı və ilkin hesab edilən rəng çoxsaylı qatların altından üzə çıxarılıb. Bir illik gərgin iş nəticəsində mərmər döşəmələr, sütunlar, divar və tavandakı naxışlar, kitabxana və oranjereya tamamilə bərpa olunub. Metal konstruksiyaların bərpası zamanı torpağa basdırılmış fəvvarə aşkar edilib. Onu çıxarıb bərpa ediblər və hazırda həmin fəvvarə Azərbaycan pavilyonunda qoyulub.

Daimi ekspozisiya zalında milli musiqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir. Həmçinin pavilyonda Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur.

Burada ayrı-ayrı zallarda müxtəlif mövzularda mühazirə və konfranslar keçirilir, musiqi proqramları, eləcə də turizm zonasında Azərbaycanın turizm imkanları barədə məlumatların təqdimatı olur.

phrase_var_article.chosen
325
7
ikisahil.az

10phrase_var_article.sources