AZ

Heydər Əliyev Sarayında Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Dekabrın 24-də saat 19:00-da Bakıda Heydər Əliyev Sarayında görkəmli musiqiçi, klarnet və saksofon ifaçısı, dirijor, bəstəkar, Azərbaycanın Xalq artisti Tofiq Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.

Day.Az xəbər verir ki, konsert proqramında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestri, Xalq artistləri Natəvan Şeyxova, Ənvər Sadıqov və onun "Qaytağı" ansamblı, Salman Qəmbərov və onun "Bakustic Jazz" qrupu, eləcə də məşhur ifaçılar İlham Qasımov, Aynur İskəndərli, Nigar Cəlilova və Rövşən Qəhrəmanov çıxış edəcəklər.

Yubiley gecəsində Tofiq Əhmədovun yaradıcılığının bütün istiqamətləri əhatə olunacaq - həm onun məşhur əsərləri, həm də uzun illər sonra ilk dəfə səslənəcək az tanınmış kompozisiyaları təqdim ediləcək. Bununla yanaşı, dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Rauf Hacıyev və Emin Sabitoğlunun sevilən əsərləri maraqlı aranjimanlarda təqdim olunacaq.

Biletləri şəhərin bütün kassalarından və ya aşağıdakı link vasitəsilə onlayn əldə etmək mümkündür: https://iticket.az/ru/events/concerts/tofig-ahmadov-100/136767.

Tofiq Əhmədov 1924-cü il fevralın 8-də Bakıda anadan olub. 1941-ci ildə klarnetçi və saksofonçu kimi bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi və dirijoru olduğu yenicə yaradılmış estrada-simfonik orkestrə dəvət alıb. 1942-1945-ci illərdə Xəzər Donanmasının estrada ansamblında çalışıb. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəfəs alətləri şöbəsinin klarnet ixtisasını bitirib. 1953-cü ildə Moskvada Ediy Roznerin rəhbərlik etdiyi estrada orkestrinə dəvət olunub və dörd il müddətində həmin orkestrin konsertmeysteri olub. Daha sonra musiqiçi 1957-ci ildə Bakıya qayıdıb və 1961-ci ilə qədər rəhbərlik etdiyi "Biz Bakıdanıq" estrada orkestrini yaradıb.

 

Tofiq Əhmədov ifaçı, dirijor, bəstəkar və musiqi tədbirlərinin təşkilatçısı kimi fəaliyyət göstərib. Bəstəkar kimi onun orkestr üçün bir çox mahnı və əsərləri mövcuddur. O, Fəmil Mehdi, Fikrət Qoca, Tofiq Müttəllibov, Rafiq Zəka Xəndan, Nüsrət Kəsəmənli və digər şairlərlə əməkdaşlıq edib.

1960-cı ildən 1981-ci ilədək Tofiq Əhmədov Azərbaycan Radiosunun Estrada Orkestrinin rəhbəri və baş dirijoru olmuşdur. Əvvəlcə bu orkestr nəfəs alətləri "Big-Band"i idi, sonradan ona simli alətlər əlavə edilərək estrada-simfonik orkestrə çevrilmişdir. Bu kollektivdə Müslüm Maqomayev, Şövkət Ələkbərova, Güləliağa Məmmədov, Lütfiyar İmanov, Rauf Atakişiyev, Natəvan Şeyxova, İlham Quliyeva, Rauf Adıgözəlov, Mobil Əhmədov, Züleyxa Mirismayılova, Yalçın Rzazadə, Mübariz Tağıyev, Akif İslamzadə, Flora Kərimova, Elmira Rəhimova və digər tanınmış sənətçilər çıxış edirdilər.

Orkestr Rauf Hacıyev, Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Xəyyam Mirzəzadə, Əziz Əzizov, Oktay Kazımov, Ramiz Mirişli, Cavanşir Quliyev, Mobil Babayev, Faiq Sücəddinov, Eldar Mansurov, Oktay Rəcəbov, Musa Mirzəyev, Rühəngiz Qasımova və digər bəstəkarların əsərlərini ifa etmişdir. Tofiq Əhmədov bu kollektivin bədii rəhbəri və baş dirijoru vəzifəsini ömrünün sonunadək icra etmişdir.

Tofiq Əhmədov 23 mart 1981-ci il tarixində vəfat edib.

Seçilən
17
2
day.az

3Mənbələr