Dəməşqdə hakimiyyətə gələn silahlı müxalifət keçid hökumətini formalaşdırmağı suriyalı siyasətçi Məhəmməd əl-Bəşirə həvalə edəcək.
Modern.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bundan əvvəl Fransanın “Le Figaro” qəzeti öz mənbələrinə istinadla xəbər vermişdi ki, Suriyanın sabiq Baş naziri Riyad Hicab keçid dövründə Suriya hökumətinin rəhbəri olacaq.
Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.