2024-cü ildə ölkəmizdə ABŞ dollarına tələbin əvvəlki illərə nisbətən çox olması diqqəti cəlb edir. Odur ki, bunun nədən qaynaqlandığı konkret cavab istəyir. 2017-ci ildən bəri ölkəmizdə "dollar aclığı" aradan qalxmışdı. Əslində, bu gün də belə bir hal mövcud deyil. Sadəcə olaraq, Dövlət Neft Fondu (ARDNF) tərəfindən dollar satışı əksər aylarda çox olduğu üçün ümumi həcm yüksəlib.
2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən 87 valyuta hərracında 6 milyard 603 milyon 870 min məbləğində ABŞ dolları satılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çox deməkdir. Ötən ilin eyni ayları ərzində keçirilən valyuta hərraclarında 3 milyard 274 milyon 730 min ABŞ dolları satılmışdı. Təkcə ötən ay ərzində keçirilən 7 valyuta hərracında satış 487 milyon 100 min dollar təşkil edib.
Məlumdur ki, ARDNF tərəfindən satılan dollar həcmindən əldə edilən manat kütləsi qabaqcadan nəzərdə tutulan illik transfert çərçivəsində dövlət büdcəsinə köçürülür. Məsələ bundadır ki, ARDNF-in dollar satışından əlavə, AMB-nin rəsmi valyuta ehtiyatları həcmi də oktyabr və noyabr ayları ərzində 424 milyon dollar + 404 milyon dollar = 828 milyon dollar məbləğində azalıb ki, qeyd olunan aylarda ikinci də dollar satıb. Halbuki, sözügedən qurum il ərzində oktyabradək ehtiyatlarını cəmi 183 milyon dollar artırıb.
Odur ki, qurumun dekabr ayı ərzində alış, yoxsa satış həyata keçirəcəyi hələ bəlli olmasa da qeyd edə bilərik ki, cari ildə AMB öz valyuta ehtiyatlarını artıra bilməyib.
Ona görə də sual yaranır ki, il ərzində görəsən, nədən bu qədər dollar satışı həyata keçirilib? Ölkədə ABŞ valyutasına tələb həqiqətən artıbmı? Artıbsa, bu, nə ilə əlaqədardır?
Məsələ bundadır ki, hər şey heç də göründüyü kimi deyil. Əvvəla, ölkədə xarici valyutaya tələb sırf olaraq əslində iqtisadiyyatın özü, dəqiq desəm bazar tərəfindən müəyyən olunmalıdır. Bunun üçünsə, ilk növbədə ölkədə dövlət, iqtisadiyyatdan və bazardan tam şəkildə kənarda mövcud olmalı və valyuta tənzimlənməsi isə üzən məzənnə mexanizmi rejimi əsasında fəaliyyət göstərməlidir.
Bizdə isə, bütün bunlar tam olaraq mövcud deyil və müvafiq iqtisadi sistemimizə hələ də xas xüsusiyyət kəsb etmir.
Digər tərəfdən, girişdə qeyd etdim ki, 2017-ci ildən ölkəmizdə "dollar ajiotajı" aradan qalxıb. Çünki birincisi, neftin dünya bazar qiymətlərinin əlverişliliyi üzündən ölkənin ticarət və tədiyyə balansında profisit yaranıb, ikincisi, manata inam tam bərpa olunub, üçüncüsü isə sonrakı illərdə pandemiya və yaxud Rusiya-Ukrayna müharibəsi kimi amillər xarici valyutaya tələbi azaltmışdı.
Sual olunur ki, bu amillərdən real olaraq hər hansı birində məgər dəyişiklik baş veribmi? Xeyr... Bəs, onda ARDNF ilə yanaşı, AMB də ötən iki ay ərzində nədən valyuta satışı həyata keçirib və 828 milyon dollar sərf edib?
Qurum tərəfindən verilən açıqlamada bunun, dövlət xərclərinin xarici valyuta ilə olan hissəsinin, yəni müxtəlif vacib layihələrin və tədbirlərin, müdafiə, o cümlədən digər öhdəliklər və strateji əhəmiyyətli məsələlərin icrasına dəstək məqsədilə həyata keçirildiyi bildirilərək, rəsmi ehtiyatların məhz buna görə azaldığı qeyd olunur.
Həqiqətən də, valyuta bazarında manatın dəyəri üçün heç bir təhdid yaranmadığı və mövcud olmadığından, AMB-in 828 milyon dollarlıq intervensiya tədbiri məhz bununla əlaqədar baş verməyib. Əksinə, AMB-nin öz rəsmi valyuta ehtiyatlarını artırması üçün münbit şərait bu il də qalmaqda davam edib ki, dollarla intervensiyaya heç bir halda əsla ehtiyac olmayıb. Ancaq buna rəğmən yuxarıda qeyd etdiyim kimi, sözügedən qurum oktyabradək ehtiyatını cəmi 183 milyon dollar artırıb.
ARDNF-ə gəldikdə isə, bu qurum özü də nə qədər çox dollar satmış olsa da, cari il üçün dövlət büdcəsinə nəzərdə tutulan transfertdən kənara çıxmayıb. Sözügedən qurumdan büdcəyə bu il ərzində 12 milyard 78 milyon 100 min manat transfert nəzərdə tutulub ki, bu da təxminən, 7.5 milyard dollar edir. 7.5 milyard dollardan hələ ki 6.5 milyard dollardan bir az çox hissə manata mübadilə olunaraq büdcəyə köçürüldüyündən, qalanı dekabrda həyata keçirilməlidir.
Yəni, qeyd etmək istədiyim budur ki, Neft Fondu dollar satışında əslində limiti keçməyib.
Sadəcə olaraq, 2024-cü il ərzində dövlət xərcləri əvvəlki illərdən çox təşkil etdiyindən, Fond tərəfindən satış tempi bir qədər sürətli xarakter daşıyıb. Belə ki, həm Qarabağ və Şərqi Zəngəzurun bərpası, həm COP29 ilə bağlı layihələr, tikinti və sair ilə bağlı ciddi xərclər və investisiyalar idxalı artırıb. Təkcə, Qarabağ bölgəsinə 44 günlük müharibədən sonra 19 milyard manatdan çox vəsait xərclənib.
Ümumiyyətlə, dövlət xərcləri və investisiyaları artdıqca, idxalın genişlənməsi qaçılmaz xarakteri daşıyır. Çünki tək yerli istehsal hesabına hər şeyin öhdəsindən gəlmək mümkün olmadığından həm istehlak bazarında, həm də investisiya zamanı istifadə edilən malların əksəriyyəti xaricdən gətirilməli olur. Nəticədə də dollara tələbat istər-istəməz artır ki, buna iqtisadiyyatın genişləndirilməsi tədbirləri adı da vermək mümkündür.
Bir sözlə, sona yetməkdə olan cari il ərzində ölkədə ABŞ dollarına tələbin əvvəlki illərdəkinə nisbətən çox təşkil etməsi sırf iqtisadi tələblərdən, dövlət xərclərinin artması, iqtisadiyyatın genişlənməsi, bir sıra investisiya məsrəflərindən qaynaqlanıb ki, bu zaman heç bir halda hər hansı ciddi və yaxud təhlükəli məqam, səviyyə ortaya çıxmayıb və yaranmayıb. Başqa sözlə, valyuta bazarında sabitlik qorunub saxlanmaqda davam edib.
Sözün qısası, Neft Fondu tərəfindən bu il ərzində dollar satışı nə qədər çox intensiv xarakter daşısa da, üstəlik AMB də 828 milyon dollar valyuta satsa da bu, nə əhalinin şəxsi məqsədlər üçün dollar alışının artmasından irəli gəlib, nə də iqtisadiyyatda dollarlaşma prosesinin başlanmasından. Bunu ölkənin bank sektorunda fiziki və hüquqi şəxslərin yerləşdirdiyi depozit həcmlərinin strukturu da sübut edir, həmçinin bankların kredit portfelində xarici valyuta ilə verilən kredit vəsaitlərinin həcmi də...
Dollar satışının artması, sözügedən pul vahidinə marağın və sığortalanmaq istəyinin nəticəsi və ya təzahürü deyil.//Oxu.az